Dövlətçilik tariximizin şanlı səhifəsi - Milli Qurtuluş Günü

15
İyun Milli Qurtuluş Gününü, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də
bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti
müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan
xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider
statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev
müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Hər
kəsin bildiyi və qəbul etdiyi yenilməz bir həqiqət var ki, bu, Ulu Öndər Heydər
Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin
müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan
tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş
etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri
əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan illər
ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas
edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini
qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblərə nəzər
yetirsək görərik ki, Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət hər birimizin
yadındadır. 1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə
çatmışdı. Qiyamçı qüvvələr hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti
ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı qüvvələr
praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC
hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı
olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri
ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa
çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Hətta məişət səviyyəsində
kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe
olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər.
Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər
bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq
sağ-salamat qayıtmasına əminlik yox idi. Həmin dövrdə Azərbaycan sadəcə daxili
yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Xalqın təkidli
tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi.
Dövlətçiliyin
xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - Ümummilli Lider Heydər
Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və
şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi. Ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir
sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində
ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə
iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. Heydər Əliyevin
hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü
başlandı. Daxili siyasətdə əldə olunan nəticələrə nəzər salsaq bunu əyani şəkildə
görə bilərik. Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili
ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi; Dağlıq
Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı; Ölkə daxilində separatçılıq
meyllərinin qarşısı alındı; İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll
edildi; İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən
xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;
Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı; Ordu
quruculuğunda mühüm addımlar atıldı.
Bu
günü əminliklə deyə bilərik ki, 15 İyun Milli Qurtuluş Günü - respublikamızın
tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə,
dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün
tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan
xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi
bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Sahib Aslanov,
Hacıqabul rayon Ağsaqqallar
Şurasının sədri,
YAP Hacıqabul rayon təşkilatının
veteran.
Digər xəbərlər



