“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”

Hər bir xalqın
taleyində mühüm əhəmiyyət kəsb edən bəzi məqamlar onun gələcək müqəddəratını müəyyən
edən mühüm başlanğıclardan olur. Azərbaycan xalqının tarixində belə günlərdən
biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli
Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 32 il Azərbaycanın qurtuluş və zəfər
dövrüdür. Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai,
siyasi və tarixi əhəmiyyətə malikdir. Vətənini, xalqını, dövlətçiliyini sevən,
çətin günlərin ağrılarını yaşayan, o ağrıları yaradan hadisələri görənlər üçün
15 İyun əsl qurtuluş günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin
nəticəsidir.
XX əsrin sonlarında yenidən müstəqillik
qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun
itirilməsi təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda
kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş
müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi,
hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Beləliklə, 1991-1993-cü
illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist
eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni
yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi
hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar
əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün
nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev
müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük
təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan
həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji
əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması
başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi
təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında
hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.
Ölkənin vətəndaş müharibəsi
təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın
parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın, ziyalıların və millətin
Heydər Əliyevə üz tutması labüd idi. Çünki ölkədə başlamış qruplaşmanın,
Gəncədəki qardaş qırğınının, başıpozuq hərbi silahlı dəstələrin Bakıya
yürüşünün qarşısını yalnız o ala bilərdi. Ümummilli Lider Heydər Əliyevə
ünvanlanan müraciətlər təkcə iztirablara məruz qalan xalqın çıxış yolu deyil,
həm də hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi
ümumxalq qərarı idi. Böyük xilaskarın iyunun 9-da Bakıya gəlişi xalqda sönən
arzuları, diləkləri yenidən oyatdı. O, parlamentə sədr seçilməzdən əvvəl
Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Görkəmli dövlət
xadiminin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaradaraq elə oradaca
xalqın qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.
1993-cü il iyunun 15-də Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycanın ən
yeni tarixindən bu günə qədər davam edən uğura mayak oldu, yol açdı. Ulu Öndər
o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında
Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı,
ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan
töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan
çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni
devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə
bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət
edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Ümummilli Liderin
şəxsiyyəti, onun özünəməxsus siyasi dühası, idarəetmə qabiliyyəti, qətiyyəti,
uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq
ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti
sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz
xaosdan, siyasi qarşıdurmalardan, çəkişmələrdən, sosial-iqtisadi böhrandan
xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi
inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə
həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
“Mənim həyatım
da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub
saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, -
deyən ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi,
elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara,
beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə
başladı. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də
xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Ulu
Öndər Heydər Əliyevin vaxtında və düşünülmüş şəkildə atdığı addımlar bir əsrdə
ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub
saxlamasını təmin etdi. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir
müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın
müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu.
Bu gün milli qurtuluş
ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü
büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi
ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan
möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük
uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın
Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha
Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu
yolla davam edərək bundan sonra daha böyük qələbələrə imza atacağını təsdiq
edir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri
Digər xəbərlər



