Qələbə hərbi-siyasi yollarla təmin edildi.
2025-09-25
Baxış: 113

Böyük Zəfərimizə gedən yolun başlanğıc günü artıq dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Günü kimi əbədiləşən 2020-ci ilin 27 sentyabr tarixindən beş il keçir. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız həmin gün başlanan 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Bu, Azərbaycan Ordusunun 44 gündə yazdığı uğur hekayəsinin xronologiyasıdır. Amma bu uğura nail olmaq böyük qətiyyət, yenilməz siyasi iradə, hərtərəfli hazırlıq tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başlanan inkişaf yolu uğurlarla zəngindir. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə formalaşdırdığı möhkəm təməl sonrakı uğurlarımıza yol açdı. Məhz bu təmələ söykənərək Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq: “Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



