Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı
Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından
atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının
səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri
oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə
başa çatdı. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə
əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv
edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və
ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa
etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan
dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib
dövlət kimi əbədi yaşayacağıq. Vətən müharibəsinin Azərbaycan Ordusunun
qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident
İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30
ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan
xalqının istədiyi kimi həll olundu.
Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük
Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan
cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində
Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan
xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala
bilməz. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu
əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd
işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və
rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri
və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3
kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa
şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz
yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış
bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla
da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu.
Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil
verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad
edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il
avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana qaytarıldı.
Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın
rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü
göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən
dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və
Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi
əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya
məcbur edildi. Prezident İlham Əliyevin Anım Günündə Azərbaycan xalqına
müraciətində qeyd etdiyi kimi “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi
yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə
qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün
ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən
torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün
Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və
qalib dövlət kimi əbədi yaşayacaq”.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər



