Xalqımız hər il 27 Sentyabrı tarixi Zəfərimizin başlanğıc günü kimi qeyd edir

2020-cilin
sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan
Ordusu bütün cəbhə boyu hücuma başladı. Bununla da Vətən müharibəsi
başladı. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizin təntənəsi təkcə
işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyni zamanda,
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun
bütün dünyaya nümayişidir. Bütün bunların təməlində həmrəylik, milli qürur, ləyaqət
və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi
bərpa etdik.
Müzəffər
Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq,
günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdi. Ermənistan
silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin
sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket
atılmışdı. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə,
Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket
hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdi. Ermənistanın
silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan
vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri
dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini
atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə
yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
almışdı.
Vətən
müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu şəhid
olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,
qazilərimizin qanı və canı bahasına azad olunmuşdu.
Azərbaycan
dövləti və xalqı hər zaman mübariz oğul və qızlarının fədakarlığını yüksək
qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca
tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü
yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin
ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan
Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Müzəffər
Ali Baş Komandanımızın imzaladığı Sərəncamda da qeyd edilir: “Torpaqlarımız qəhrəman
şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına
işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da
güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni
zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi
təmin edən mühüm amildir”.
Vətən
müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu,
Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının
fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Bu
tarixi Zəfər ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm
qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli
torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.
Hazırda
azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işlərini həyata
keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu
torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Artıq
bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol
infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının
tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham
Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin
qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.
Hər
il sentyabrın 27 Anım günündə xalqımız Vətən müharibəsi şəhidlərinin xatirəsini
böyük hörmət və sayğı ilə yad edir. Şanlı Zəfər naminə həyatlarını qurban
vermiş qəhrəmanlarımızı anılır. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət
nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi
sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad
edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin
ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha
bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



