Regional baglantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir.

2025-09-29 Baxış: 30
img

2025-ci il 25 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm çıxış edərək ölkəsinin tarixi ədalətsizliklər, işğal və regional sabitlik məsələlərinə dair mövqeyini qlobal auditoriyaya çatdırdı. Dövlət başçısı çıxışında bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpası, digər tərəfdən isə ədalət prinsiplərinin beynəlxalq səviyyədə qorunması zərurətini önə çəkdi. Prezidentin BMT tribunasındakı nitqi, həmçinin “ədalətin selektiv olmadığı bir dünya” çağırışı ilə diqqət çəkərək beynəlxalq hüquq və diplomatik əməkdaşlıq üçün yeni perspektivlər açdı.

Prezident cənab İlham Əliyev çıxışının ilk hissəsində Ermənistanın uzun illər həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin nəticələrini xatırlatdı. Onun sözlərinə görə, təqribən 30 il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılıb və bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Bu müddət ərzində insanların fundamental hüquqları kobud şəkildə pozulub, şəhər və kəndlər dağıdılıb, mədəni irs hədəfə alınıb. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu qətnamələr icra edilməyib. Bu fakt beynəlxalq hüququn mütləq üstünlüyünün təmin edilməməsinin aydın göstəricisidir. səmərəsiz danışıqlar və beynəlxalq strukturun fəaliyyətsizliyi nəticəsində Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək 2020-ci ildə Vətən müharibəsini başlatmağa məcbur olub. Müharibə dövründə Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, şəhər və kəndlərə ballistik raketlər və kasetli bombalar atıb. Azərbaycan isə beynəlxalq humanitar hüquqa riayət edərək mülki şəxslərin qorunmasını təmin edib, qeyri-hərbi infrastruktur hədəfə alınmayıb. 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın işğal altındakı əraziləri azad edilib və ərazi bütövlüyü bərpa olunub.

Prezident cənab İlham Əliyev çıxışında 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi təqdim edib. O vurğulayıb ki, Azərbaycan dərhal ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürməsi və sülh müqaviləsi layihəsini təqdim etməsi diplomatik təşəbbüslərin başlanğıcını qoyub.

Prezident cənab İlham Əliyevin çıxışı yalnız Azərbaycanın mövqeyini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda qlobal səviyyədə hüququn universal tətbiqi və ədalətin hər kəs üçün bərabər qorunmasını tələb edir. Çıxışda vurğulanan “ədalətin selektiv olmadığı bir dünya” prinsipi beynəlxalq münasibətlər sistemində yeni yanaşma çağırışıdır: hüquq yalnız sözlərdə yox, əməli addımlarda tətbiq olunmalıdır. Bu, diplomatik, iqtisadi və humanitar sahələrdə ədalətin universal prinsip kimi qəbul edilməsinə xidmət edir.

 

Səyavuş Məmmədov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.