2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistanın
ölkəmizə qarşı olan işğalçılıq və təcavüzkarlıq siyasəti daha uzun müddəti
əhatə edir. Zamanla xalqımıza qarşı terror aktları törədən, düşmənçilik
mövqeyindən əl çəkməyən Ermənistanın bu cəhdləri 2020-ci ildə yenidən daha
intensiv xarakter almışdı. Ermənistan silahlı birləşmələri növbəti dəfə 27
sentyabr 2020-ci ildə genişmiqyaslı təxribatlara cəhd edərkən Azərbaycan Ordusu
əks hücum əməliyyatlarına qərar verdi. Bu onun göstəricisi idi ki, 30 il
torpaqları işğalda qalan Azərbaycan xalqı və dövləti işğalla barışmayıb. Bu
müddət ərzində ölkədə həyata keçirilmiş davamlı orduquruculuğu nəticəsində
Azərbaycan Ordusu gücələnərək dünyanın ən müasir ordularından birinə
çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətli ordu
olduğunu bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Ordumuz 44 gün ərzində döyüş
meydanında düşmənə layiqli dərs verərək torpaqlarımızı düşmən tapdağından azad
etdi.
10 noyabr 2020-ci il. Üç dövlət başçısının imzaladığı
bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində
atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan
məsələlər regionun gələcəyinə dair Prezident cənab İlham Əliyev konsepsiyasının
üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün
maddələri Azərbaycan tərəfinin uğurudur. Həmçinin, üçtərəfli Bəyanatın
imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının
birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan
hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında,
internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə
yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların
nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi
bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük
dəyərimizdir. Bir sözlə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini
rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın
imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər
rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam
qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə
ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Münaqişə artıq başa
çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən
sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş
əraziləri qaytardı.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının
80-ci sessiyasında çıxışı zamanı postmüharibə dövrünə nəzər salaraq
bildirib ki,
Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin
qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə
açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl
prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra
layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam
edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara
baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir
kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
“Bu il avqustun 8-də
Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini
parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə
Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza
atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti
olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar
strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə,
sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul
etdi” – deyə Prezident İlham Əliyev BMT kürsündə Azərbaycanın sülh reallığının
müəllifi olduğunu bildirib.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon
təşkilatı
Ərazi partiya təşkilatının
sədr müavini

Digər xəbərlər



