Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq.

2025-10-01 Baxış: 71
img

Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında bu reallığı da xüsusi vurğuladı ki, enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir

Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsi bütün sahələrdə davamlı uğurlarını şərtləndirir. Bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident İlham Əliyev tərəfindən Fərman və sərəncamlar imzalanır. Bu sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Dövlət başçısı İlham Əliyev bu günlərdə BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında da diqqəti Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrə yönəltdi. Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir söyləyən cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.

Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini