Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının
80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri
ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz
göstəricisidir. Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də
qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT Baş
Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və
beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır:
“Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin
mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji
təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham
Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv
mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də
qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”. Enerji
sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə
əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə
Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a
ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir
təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal
ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu
sübut edir.
Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur
duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində
böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Bu fikirləri Azərbaycan
Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı
zamanı bildirib. “Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri
istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və
vaksinlər ianə edib və maliyyələşdirib”, - deyə dövlətimizin başçısı
vurğulayıb.
Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi
dövlətlərdən oldu. Dünyanın gözləmədiyi anda belə bir xəstəliklə üz-üzə qalması
bütün ölkələrin səhiyyə sisteminin yüklənməsinə gətirib çıxartdı. Lakin
pandemiya elan olunduğu ilk vaxtlardan xəstəliklə mübarizədə dövlətimiz
tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərinin tapşırığı ilə
respublikamızda yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi,
klinikaların açılması, lazımi tibbi təchizat və avadanlıqların vaxtında ölkəyə
gətirilməsi problemi qarşıladı, ağır fəsadların yaranmasına imkan vermədi.
Bununla yanaşı, Azərbaycan qlobal səyləri səfərbər edən, COVAX təşəbbüsünə
qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Eyni zamanda infeksiyaya
qarşı hazırlanan peyvəndin alınması üçün ilk günlərdən danışıqlara
başlanıldı. Bunların nəticəsidir ki, Cənubi Qafqazda COVID-19 əleyhinə
vaksinasiyaya başlayan ilk ölkə Azərbaycan oldu. Dövlət siyasətində əhalinin
sağlamlığını prioritet tutan Prezident cənab İlham Əliyev pandemiya dönəmində
daim vəziyyətə birbaşa nəzarət etdi, lazımi tapşırıqlarını verdi, eyni zamanda
beynəlxalq tədbirlərdə peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması
məsələsinə daim toxunaraq BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus
pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi
irəli sürmüşdür. Azərbaycan pandemiya ilə mübarizədə 80-dan çox ölkəyə
humanitar yardım etdi, bəzi ölkələrə vaksin göndərdi, eyni zamanda ÜST-ə 10
milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi. Pandemiya dövründə
Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə
və dəstəyinə görə fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin
liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə
görüşləri diqqət mərkəzindədir. Bu görüşlər Azərbaycanın xarici siyasətində
balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam
etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi,
nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional
sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri
beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı
tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır.
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr
müavini
Digər xəbərlər



