27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

Azərbaycan tarixində 2020-ci il xüsusi bir mərhələ
kimi yadda qaldı. 27
sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın igidliyi,
birliyi və dövlətimizin gücü sayəsində Zəfərlə nəticələndi. Həmin qürur dolu
günlərin ən önəmli səhifələrindən biri isə məhz 4 oktyabr 2020-ci il oldu.
Bu
tarixdə Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək, xalqımızın
illərdir həsrətlə gözlədiyi xəbəri bütün ölkəyə çatdırdı. Cəbrayıl rayonu
1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş,
nəticədə on minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. İllərlə
həsrətini çəkdiyimiz bu torpaqlar 27 il sonra yenidən Vətənə qovuşdu.
4
oktyabrın sevinci yalnız Cəbrayıl sakinlərinin deyil, bütün Azərbaycan xalqının
sevincinə çevrildi. Çünki bu qələbə düşmənin sarsıdılması, Ordumuzun qətiyyətli
irəliləməsi və xalqımızın haqq yolunda qazanacağı ümumi Zəfərin xəbərçisi oldu.
Cəbrayıl
şəhərinin işğaldan azad edilməsi hərbi baxımdan da mühüm strateji əhəmiyyət
daşıyırdı. Bu uğur Ordumuza həm Zəngilan, həm də Füzuli istiqamətində geniş
imkanlar yaratdı. Beləliklə, azadlıq yürüşü daha da sürətləndi və işğal
altındakı digər ərazilərin xilası üçün yol açıldı.
Cəbrayılın
azad olunması yalnız hərbi uğur deyildi, həm də mənəvi dirçəlişin təməli oldu.
Uzun illər məcburi köçkün həyatı yaşayan insanlar doğma yurdlarına qayıtmaq
ümidini yenidən qazandılar. Azərbaycan xalqı bir daha əmin oldu ki, haqq-ədalət
bərpa olunur və dövlətimizin gücü bütün maneələri aşmağa qadirdir.
Bu
gün Cəbrayıl şəhərində geniş bərpa və quruculuq işləri həyata keçirilir. Azad
olunmuş torpaqlarımızda müasir infrastruktur layihələri icra edilir, yollar,
körpülər, məktəblər, xəstəxanalar və yaşayış binaları tikilir. Bu işlərin əsas
məqsədi keçmiş məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdışını təmin
etməkdir.
“Böyük
Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonu da öz əvvəlki gözəlliyini və
canlı həyatını bərpa edəcək. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin
qəhrəmanlığı hər zaman yaddaşlarda yaşayacaq. Onların fədakarlığı sayəsində bu
torpaqlar yenidən Vətənə qovuşdu.
Hər
il 4 oktyabrda Azərbaycan xalqı Cəbrayıl şəhəri gününü qeyd etməklə həm də
şəhidlərimizin müqəddəs xatirəsini yad edir, onların ruhu qarşısında baş əyir.
4 oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın qürur, şərəf və qələbə günüdür.
Bu
gün təkcə bir şəhərin azadlığı deyil, bütövlükdə Azərbaycanın haqq yolunda əldə
etdiyi möhtəşəm uğurun simvoludur. Azərbaycan xalqı əmindir ki, Cəbrayıl və
digər işğaldan azad olunmuş torpaqlarımız gələcəkdə daha da inkişaf edəcək,
əbədi olaraq Vətənimizin ayrılmaz parçası kimi çiçəklənəcək.
Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



