İtaliya - Azərbaycan əlaqələri çox uğurla inkişaf edir.

2025-10-07 Baxış: 52
img

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında stimulverici amildir. Belə ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dünyada etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Bunu qarşılıqdı səfərlər, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud başqa ölkələrdə keçirilən və dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də təsdiqləyir. İkitərəfli əlaqələrdə Avropa istiqamətinin xüsusi yeri vardır. İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında «İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir» söyləyərək onu da əlavə etdi ki, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.

Azərbaycan və İtaliya liderlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında əsas amillərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. İtaliya rəhbərləri Ümummilli Lider Heydər Əliyevlə söhbət zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildirmişdilər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.

İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin bu quruma üzv dövlətlərin rəsmiləri daim yüksək qiymətləndirirlər. Keçirilən görüşlərdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Azərbaycan və İtaliya prezidentlərinin mətbuata bəyanatları zamanı cənab İlham Əliyev bildirdi ki, energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Reallıq budur ki, enerji strategiyamız mərhələlərə bölünür. 1994-cü ildə ilkin mərhələdə Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Qısa zamanda Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın ixrac boru kəmərlərinə ehtiyacı var idi. Ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır.

Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə də öz müsbət təsirini göstərir. İtaliya işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biridir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır. Bu mühüm məqamı da xysusi qeyd edək ki, tarixi Zəfərimiz bərpaolunan enerji sektorunda əlaqələrin qurulmasını da sürətləndirdi. Ölkəmizin bu sahədə böyük potensiala malik olması beynəlxalq səviyyədə də qeyd edilir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi dünyanın mötəbər tədbiri-COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaratdı. İtaliya Prezidenti Sercio Mattarella COP29-un ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayaraq, həmin tədbirdə qəbul edilmiş qərarların əhəmiyyətinə toxundu. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Aİ ölkələri arasında onun əsas tərəfdaşıdır. Əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.

 

 

            İsmayıl İbrahimov,

            YAP Hacıqabul rayon təşkilatının sədri.