Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır.

Sentyabrın 30-da Bakıda mühüm bir hadisə yaşandı – Azərbaycan
Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuat
qarşısında bəyanatlarla çıxış etdilər. Bu səfər təsadüfi deyildi. İtaliya
Prezidentinin ölkəmizə ikinci dəfə rəsmi səfəri həm iki ölkə arasında
möhkəmlənən dostluğun, həm də strateji tərəfdaşlığın bariz nümunəsidir. Tarixi
səfərlər dostluğun əsas dayaqlarıdır. İkitərəfli münasibətlərin əsasını
dövlət başçılarının qarşılıqlı səfərləri qoyub.
– 1997-ci ildə Prezident Heydər Əliyevin Roma və Neapola rəsmi səfəri
Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələsini açdı.
– Prezident İlham Əliyevin 2005, 2008 və 2014-cü illərdə İtaliyaya
etdiyi rəsmi səfərlər enerji, iqtisadiyyat və mədəniyyət sahəsində yeni
müqavilələrin imzalanması ilə yadda qaldı.
– 2011 və 2015-ci illərdə baş tutan işgüzar səfərlər isə əməkdaşlığa
daha çevik dinamika qatdı.
– 2020-ci ilin fevralında Prezident İlham Əliyevin Romaya dövlət
səfəri isə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi.
– Sonuncu
dəfə, 2022-ci ilin avqust-sentyabr aylarında İtaliyaya edilən səfər
çərçivəsində Roma və Çernobbioda aparılan görüşlər gündəliyin daha da
zənginləşdiyini göstərdi.
İtaliya
tərəfdən də qarşılıqlı diqqət hiss olunur. Prezident Sercio Mattarella 2018-ci
ildə Bakıya dövlət səfərinə gəldi və bu səfər ikitərəfli əlaqələrin
gücləndirilməsinə mühüm töhfə verdi. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın 2011 və 2012-ci illərdə Romaya rəsmi səfərləri isə
humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə şərait yaratdı. Bu səfərlər
nəticəsində incəsənət, təhsil və səhiyyə sahələrində yeni layihələr həyata keçirildi.
Azərbaycan və
İtaliya münasibətlərinin əsas dayaqlarından biri enerji sahəsində
əməkdaşlıqdır. İtaliya, Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı,
həm də ölkəmizin neft və qaz ixracında aparıcı mövqe tutur. Xüsusilə 2020-ci
ildən istifadəyə verilmiş Trans-Adriatik boru kəməri (TAP) sayəsində Azərbaycan
qazı birbaşa İtaliyaya çatdırılır. Bununla da Bakı Avropanın enerji
təhlükəsizliyində etibarlı tərəfdaş, İtaliya isə Azərbaycanın əsas
bazarlarından biri kimi möhkəmlənib. Hazırda Azərbaycan İtaliyanın ən iri neft
tədarükçüsü, qaz idxalında isə üçüncü yeri tutur. Prezidentlərin görüşündə
təkcə ənənəvi enerji layihələri deyil, həm də gələcəyə yönəlmiş planlar
müzakirə olunub. Avropa İttifaqı ilə birlikdə elektrik enerjisinin ixracı
layihəsi, Xəzərin dibi ilə Orta Asiyadan Avropaya enerji dəhlizlərinin
yaradılması perspektivləri əməkdaşlığın miqyasını genişləndirir.
Əməkdaşlıq
təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Oktyabrın 1-də Bakıda İtaliya–Azərbaycan
Universitetinin ilk tədris korpuslarının açılışı reallaşdı. ADA Universiteti
ilə İtaliyanın beş nüfuzlu ali məktəbinin tərəfdaşlığı əsasında qurulan bu ali
təhsil ocağı iki ölkə arasında mədəni, elmi və akademik körpü rolunu oynayacaq.
Hazırda burada 600-dən çox tələbə müxtəlif ixtisaslarda təhsil alır.
Universitetdə müasir laboratoriyalar, emalatxanalar, tədqiqat mərkəzləri
fəaliyyət göstərəcək və tələbələrə beynəlxalq standartlara uyğun imkanlar
yaradacaq.
İtaliya uzun
illərdir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyən əsas tərəfdaşlardan
biridir. Son dövrlərdə Brüssel ilə Bakı arasında münasibətlərin müsbətə doğru
inkişaf etməsi də təsadüfi deyil. Bu prosesdə İtaliyanın rolu mühüm sayılır. Ölkəmizin
Avropada etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bakı görüşü
bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız
rəqəmlər və müqavilələrlə ifadə olunmur. Burada səmimiyyət, etimad və
uzunmüddətli tərəfdaşlıq var. Enerjidən elmə, sənayedən mədəniyyətə qədər geniş
sahələri əhatə edən əməkdaşlıq hər iki ölkəyə fayda gətirməklə yanaşı,
beynəlxalq aləmdə də nümunəvi model kimi diqqət çəkir.
Mehrac Gözəlov,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədri
Digər xəbərlər



