Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir

Əsası 1752-ci ildə
Pənahəli xan tərəfindən qoyulan, zəngin tarixi keçmişə malik olan Şuşa şəhəri
Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.
XVIII əsrin II yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə
malik şəhəri özünün xalçası, ipəyi, parçası və süni qabları ilə dünya
bazarlarına çıxmış, böyük şöhrət qazanmışdır.
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Kurortlar şəhəri, muzeylər
diyarı, Şərqin musiqi akademiyası sayılan bu şəhər nəinki Azərbaycanın, hətta
bütün Qafqazın incisidir.
Şuşanın etnik və tarixi-memarlıq mənzərəsini müəyyən edən bütün məscidlər,
karvansaralar, hamamlar, bulaqlar, qalalar, məşhur saray və imarətlər
Azərbaycan xalqına məxsusdur və məhz onun tarixi keçmişidir. Bura həm də özünün
musiqiçiləri ilə şöhrət qazanmışdır. Elə buna görə də Şuşanı Azərbaycanın təbii
konservatoriyası, musiqi sənətinin beşiyi adlandırırlar.
1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində abidələrin qorunması,
görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində
əhəmiyyətli addımlar atılmışdır.
8 may 1992-ci ildə Şuşa erməni qəsbkarları tərəfindən işğala məruz qaldı. Onlar
Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerləyeksan etdilər, şəhəri
tanınmaz hala saldılar. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy
Hacıbəyli, Bülbül və digər sənətkarların Şuşada yaşayıb-yaratdıqları evlər
darmadağın edildi, mədəni irsinə böyük zərbələr endirildi.
8 noyabr 2020-ci il... Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər
Günü... Yaddaşlardan silinməyən həmin tarixdə Şuşa şəhəri erməni
qəsbkarlarından azad edildi.
Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Şuşada tarixi abidələrin bərpası
və yenilənməsi ilə əlaqədar bu cənnətməkanda hal-hazırda mühüm işlər görülür.
Şuşa tezliklə öz əvvəlki şöhrətinə, gözəlliyinə qovuşacaq.
Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli xüsusi sərəncamı ilə Şuşa
şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdi. Tarixi-mədəni
əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya
xüsusi qayğı və həssaslıqla yanaşmanı zəruri etmişdi.
Ümummilli Lider Heydər Əliyev öz nitqində söyləyirdi ki, Şuşa təkcə şuşalılar
üçün deyil, bütün Azərbaycan üçün, vətənini, millətini sevən hər bir
vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.
Pərviz
Cavadov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər
Uşaq İncəsənət məktəbinin direktor müavini
Digər xəbərlər



