8 Noyabr Şuşa Şəhəri Günü – Zəfərin mədəniyyət tacı

Azərbaycan
xalqının tarixi yaddaşında 8 noyabr – Zəfər Günü kimi əbədiləşmişdir. Bu tarix
həm də Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhərinin
işğaldan azad olunduğu gün kimi xalqımızın qəlbində silinməz iz buraxıb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, 8
noyabr hər il “Şuşa Şəhəri Günü” kimi təntənəli şəkildə qeyd olunur.
Bu qərar təkcə
bir şəhərin azadlığının deyil, bütöv bir xalqın milli qürurunun, tarixi ədalətin
və mədəni dirçəlişin rəmzidir. Şuşa həm zəfərin, həm mədəniyyətin, həm də mənəvi
bütövlüyün simvoluna çevrilib.
XVIII əsrin
ortalarında Pənahəli xan tərəfindən salınan Şuşa şəhəri Azərbaycan tarixində təkcə
hərbi-strateji əhəmiyyətli qala deyil, həm də Azərbaycan mədəniyyətinin,
musiqisinin, ədəbiyyatının və mənəviyyatının beşiyi olub. Burada doğulmuş dahi
şəxsiyyətlər – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi
sənətkarlar xalqımızın milli kimliyinin ayrılmaz parçasına çevriliblər.
Erməni
işğalı illərində (1992–2020) Şuşa yalnız coğrafi yox, həm də mənəvi baxımdan Azərbaycan
xalqının ürəyində yara idi. Lakin xalqımız heç vaxt bu zülmü qəbul etmədi,
Şuşanı azad görmək arzusu milli ideologiyamızın əsas dayaqlarından biri oldu.
2020-ci ilin
payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi,
ordumuzun qəhrəmanlığı və Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində
böyük Qələbə ilə nəticələndi. Bu zəfərin zirvəsi isə, şübhəsiz, Şuşa əməliyyatı
oldu.
Azərbaycan
Ordusunun Xüsusi Təyinatlı Qüvvələri dağ keçidlərini, meşəlikləri, qayalıqları
aşaraq düşmənin mövqelərinə qəfil hücum etdi. Ağır texnikasız, əsasən yüngül
silahlarla aparılan döyüşlər ordumuzun peşəkarlığının, vətən sevgisinin və iradəsinin
ən parlaq nümunəsi idi.
2020-ci il
noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından
xalqa müraciətində tarixi sözləri səsləndirdi:
“Əziz həmvətənlər,
bu gün Şuşa şəhəri işğaldan azad olundu. Şuşa bizə qayıtdı, Qarabağ bizə
qayıtdı!”
Bu xəbər
bütün xalqı bir anda ayağa qaldırdı, göz yaşlarına, qürura, sevincə çevrildi.
Elə həmin gün Şuşanın mərkəzində Azərbaycanın üçrəngli bayrağı ucaldıldı və bu
bayraq o gündən əbədi olaraq orada dalğalanır.
Prezident
İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın
mədəniyyət paytaxtı elan olundu. Bu qərar həm tarixi, həm də mənəvi baxımdan
böyük simvolik məna daşıyırdı.
Cəmi bir il
sonra, 2021-ci ilin mayında Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının
yenidən keçirilməsi Şuşanın dirçəlişinin başlanğıcı oldu. Həmin festival Azərbaycan
mədəniyyətinin dünyaya təqdimatı, həm də şəhidlərimizə minnətdarlığın musiqili
simvoluna çevrildi.
Şuşa həmçinin
TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
olundu. Bu, Azərbaycanın mədəni diplomatiya sahəsində qazandığı böyük uğurun
göstəricisidir. Elə həmin il burada TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin
toplantısı, çoxsaylı beynəlxalq tədbirlər, elmi konfranslar və incəsənət
festivalları keçirildi.
Beləliklə, Şuşa bir
daha təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət, qardaşlıq və mənəvi
dirçəliş mərkəzinə çevrildi.
Bu gün
Şuşada həyat yenidən canlanır. Azadlıqdan dərhal sonra şəhərdə yenidənqurma və
bərpa işləri geniş vüsət alıb. Tarixi abidələr bərpa edilir, yeni yaşayış
massivləri salınır, kommunikasiya infrastrukturu bərpa olunur. Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya mütəmadi səfərləri,
görülən işlərə şəxsən rəhbərlik etmələri dövlətimizin bu şəhərə olan xüsusi
qayğısını və sevgisini nümayiş etdirir.
Artıq Şuşada
məktəblər, musiqi liseyi, məscidlər, muzeylər bərpa olunur, yeni yaşayış evləri
inşa edilir. Bu, “Böyük Qayıdış” proqramının real təzahürüdür – Şuşa öz sakinlərini
qarşılayır, həyat bərpa olunur, mədəniyyət yenidən doğulur.
Şuşa təkcə
bir şəhər deyil, Azərbaycan ruhunun simvoludur. O, xalqımızın dözümünün,
qürurunun, milli kimliyinin və mədəni irsinin təcəssümüdür.
Ulu Öndər
Heydər Əliyev demişdi:
“Şuşasız
Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.”
Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dərin mənalı fikri
reallığa çevirdi. Şuşa artıq işğal xatirələri ilə deyil, Zəfər, qürur və dirçəliş
simvolu kimi yaşayır.
8 noyabr –
Şuşa Şəhəri Günü bu qürurun, bu birlik və dirçəlişin bayramıdır. Azərbaycan
xalqı üçün bu gün təkcə qələbə xatirəsi deyil, həm də gələcəyə inam, dövlətin
qüdrətinə və xalqın iradəsinə ehtiram günüdür.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı
“Heydər
Əliyev məktəbinin davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, Yeni Azərbaycan
Partiyasının fəal üzvü
Digər xəbərlər



