Bu gün Şuşa Şəhəri Günüdür

Beş il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini
işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə
qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın
döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli
qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin
tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci
il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli
Bayrağımızı ucaltdı.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan
azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi
ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan
Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya
istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına
dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi
Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik
qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər”
ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək,
düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma
işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli
açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati,
tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda
illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə
edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də
dirçəlir.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir.
Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa
həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın
Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır.
Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olan
Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə
cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata
keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının
qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə
bilməyib.
Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki,
Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil.
Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı”
gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri
qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda
davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları
olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək
nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



