Putin Paşinyanla görüşdən imtina edib.

2019-05-30 Baxış: 388
img

30.05.2019

Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ali Şurasının Nur-Sultanda keçirilən sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin çərşənbə gününə planlaşdırılmış görüşü baş tutmayıb.

Virtualaz.org-un məlumatına görə, erməni KİV-i iddia edir ki, Nikol Paşinyan baş vermis epizodun fonunda öz səfərini kəsməyə və Ermənistana qayıtmağa qərar verib. Ancaq sonra baş nazirin mətbuat katibi Vladimir Karapetyan bu informasiyanı təkzib edib.

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə hesab edir ki, bu, mövcud vəziyyətlə bağlı ola bilər.

Onun fikrincə, burada hər şey ola bilər, amma ehtimal ki, hansısa bir əsaslı səbəb olub, çünki, əgər Rusiya prezidenti adətən nəyisə nəzərdə tutursa, o bunu mütləq edir: “Deməli, görüşün gerçəkləşməsinə həqiqətən imkan verməyən bəzi hallar olub. Bunda hansısa məkrli motivlər axtarmağa ehtiyac yoxdur. Ehtimalla, bu sadəcə belə alınıb, həm də ki, oktyabrda Vladimir Putinin Ermənistana rəsmi səfəri gözlənilir. Düşünmürəm ki, bunda qərəzlilik var",- deyə deputat "Rusarminfo"ya müsahibəsində bildirib.

Leonid Kalaşnikov əlavə edib ki, bu epizod Ermənistan-Rusiya münasibətlərinə təsir göstərməyəcək və ona Rusiya prezidentinin "düşmənçilik aktı" kimi baxmaq və o cür təqdim etmək lazım deyil.