Neftçala Dövlət Rəsm Qalereyasında “Qaranlıqdakı imza” adlı sərginin açılış mərasimi keçirilib.
2025-11-17
Baxış: 5

Açılış mərasimində YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, şəhid ailələri, rəssamlar, sənətsevərlər, ziyalılar və ictimaiyyət iştirak edib.
Çıxış edənlər rəssamlar Nigar Abdullayeva və Dadaş Dadaşovun sərgidə nümayiş olunan rəsm əsərləri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, sərgi renessans dövründən XX əsr rəssamlığına qədər incəsənətin müxtəlif istiqamətlərini əhatə edən yaradıcılıq layihəsidir. Hər bir rəssam yaratdığı tabloda rənglərin, formaların və hisslərin dili ilə insanın daxili dünyası, cəmiyyətin dəyişən emosional ritmi və estetik duyumu arasında əlaqəni təsvir edib. Sərgi müxtəlif texnika və üslubların bir araya gətirilməsi, müasir rəssamlığın çoxşaxəli ifadə imkanlarını nümayiş etdirməyi hədəfləyir. Vurğulanıb ki, sərgi həm fərdi yaradıcılığın təqdimatı, həm də Azərbaycan təsviri sənətində müasir yanaşmaların təbliği baxımından olduqca əhəmiyyətlidir.
Çıxışlardan sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə abstrakt üslubda çəkilən 30 rəsm əsəri, 8 barelyef və müxtəlif üslublarda işlənən əsərlər nümayiş etdirilir. Sərginin nümayişi 30 noyabr tarixinədək davam edəcək.
×
Digər xəbərlər



