Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.

2026-01-12 Baxış: 9
img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvarın 8-də “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətini, enerji təhlükəsizliyi siyasətinin dərin məzmununu və gələcəyə yönəlik dövlət baxışını bir daha aydın şəkildə ortaya qoydu. Bu çıxış təkcə bir enerji obyektinin istifadəyə verilməsi ilə bağlı rəsmi tədbir çərçivəsində səsləndirilən fikirlər deyil, həm də Azərbaycanın iqtisadi inkişafının dönməz xarakter daşıdığının siyasi və iqtisadi manifesti kimi qiymətləndirilə bilər.

Ərazilərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası yeni mərhələyə qədəm qoymuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, sənaye parkları və aqroparklar yaradılır, müasir infrastruktur formalaşdırılır. Eyni zamanda respublikanın digər bölgələrində də yeni istehsal müəssisələrinin açılması, yol-nəqliyyat və enerji infrastrukturunun yenilənməsi ölkənin ümumi inkişafına güclü təkan verir.

Bu prosesdə elmin və texnologiyanın istehsala tətbiqi xüsusi əhəmiyyət daşıyır. Müasir idarəetmə sistemləri, rəqəmsal texnologiyalar, enerji səmərəliliyini artıran innovativ həllər iqtisadiyyatın bütün sahələrində məhsuldarlığın yüksəlməsinə şərait yaradır.

Son onillikdə dünya enerji böhranı ilə üz-üzə qalmışdır. Enerji daşıyıcılarının qiymətlərində kəskin dəyişikliklər, enerji təhlükəsizliyi problemləri bir çox ölkələr üçün ciddi risklər yaradıb. Bu mürəkkəb şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz həm ənənəvi enerji resurslarının ixracı, həm də bərpaolunan enerji potensialının inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, daxili enerji potensialının gücləndirilməsi həm milli təhlükəsizlik, həm də iqtisadi dayanıqlılıq baxımından strateji əhəmiyyət daşıyır. Məhz bu yanaşma Azərbaycanın enerji siyasətinin əsas fəlsəfəsini təşkil edir.

240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı ən mühüm addımlardan biridir. 2022-ci ilin yanvarında təməli qoyulan bu layihənin qısa müddətdə uğurla reallaşdırılması ölkəmizdə investisiya mühitinin əlverişli olduğunu və dövlət–özəl tərəfdaşlığının səmərəli nəticələr verdiyini sübut edir.

Layihənin əsas investorlarından biri olan “ACWA Power” şirkəti ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunun göstəricisidir. Bu şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr təkcə elektrik enerjisi istehsalı ilə məhdudlaşmır, həm də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli təşəbbüsləri əhatə edir.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri də enerji sisteminin tam şəkildə yenilənməsi və modernləşdirilməsidir. Son 20 ildə Azərbaycanda generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin demək olar ki, tamamilə yenilənməsi tarixi nailiyyət kimi dəyərləndirilə bilər.

Hazırda ölkənin ümumi generasiya gücünün təxminən 10 min meqavata çatması Azərbaycanın enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunduğunu göstərir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi bu göstəricinin daha da artacağını deməyə əsas verir.

Azərbaycanın coğrafi mövqeyi bərpaolunan enerji mənbələrinin inkişafı üçün son dərəcə əlverişlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Biləsuvar, Neftçala, Naxçıvan, Xızı, Abşeron və işğaldan azad edilmiş ərazilərdə yeni stansiyaların açılması planlaşdırılır və artıq bu istiqamətdə konkret addımlar atılır.

Xüsusilə Xəzər dənizinin külək potensialı böyük perspektiv vəd edir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycanın Xəzər sektorunda külək enerjisi potensialı 157 giqavat həcmində qiymətləndirilir. Bu isə ölkəmizin gələcəkdə regionun əsas yaşıl enerji mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.

Azərbaycanın enerji strategiyasının mühüm xüsusiyyətlərindən biri ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişaf etdirilməsidir. Mingəçevirdə istifadəyə verilmiş yeni elektrik stansiyası, Qaradağda, Xızı-Abşeronda açılan bərpaolunan enerji obyektləri, Cəbrayılda inşa edilən günəş elektrik stansiyaları bu balanslaşdırılmış siyasətin real nəticələridir.

Bu yanaşma ölkəyə həm enerji təhlükəsizliyini təmin etməyə, həm də ekoloji dayanıqlılığı gücləndirməyə imkan verir. Eyni zamanda, böyük enerji gücü tələb edən sahələr – süni intellekt texnologiyaları, data mərkəzləri, yüksək texnoloji istehsal sahələri üçün də Azərbaycanı cəlbedici investisiya məkanına çevirir.

Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış Azərbaycanın iqtisadi inkişaf strategiyasının aydın konturlarını ortaya qoydu. Bu çıxış göstərdi ki, ölkəmiz təkcə bugünkü nailiyyətlərlə kifayətlənmir, həm də gələcəyin çağırışlarını nəzərə alaraq uzunmüddətli və dayanıqlı inkişaf modelini ardıcıl şəkildə həyata keçirir.

Bu baxımdan sözügedən çıxış Azərbaycanın iqtisadi inkişafının dönməzliyinin, enerji təhlükəsizliyinin etibarlılığının və dövlət siyasətinin strateji ardıcıllığının təsdiqi kimi tarixə düşmüşdür.

 

 

Bayram Xudayarov,

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.