Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə daxil olur.

Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın
Azərbaycana səfəri və Bakıda keçirilən görüşlər Azərbaycan–Avropa İttifaqı
münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi diqqət çəkir. Səfər çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş
və birgə mətbuat bəyanatı tərəflər arasında əməkdaşlığın yeni mərhələyə daxil
olduğunu bir daha nümayiş etdirdi. Verilən bəyanatlar göstərir ki, Bakı ilə
Brüssel arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və enerji tərəfdaşlığı
dinamik şəkildə inkişaf edir və qarşılıqlı maraqlara əsaslanan strateji məzmun
daşıyır.
Prezident İlham Əliyev birgə
mətbuat bəyanatı zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış fəal
dialoqu xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, son illərdə tərəflər
arasında müxtəlif səviyyələrdə intensiv təmaslar müşahidə olunur və bu proses
münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir. Prezident İlham Əliyev bildirdi: “Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının
üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif
səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.” Bu fikirlər Azərbaycan–Avropa
İttifaqı əlaqələrinin artıq sabit və sistemli əməkdaşlıq müstəvisində inkişaf
etdiyini təsdiqləyir.
Azərbaycanın həyata keçirdiyi praqmatik və
balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq tərəfdaşları ilə
münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verib. Avropa İttifaqı ilə əlaqələr
də məhz qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, iqtisadi əməkdaşlıq bu
münasibətlərin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı diqqətə çatdırdı
ki, Avropa İttifaqı Azərbaycan üçün aparıcı ticarət tərəfdaşlarından biridir: “Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi
Avropa İttifaqı ilə bağlı olub… Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır.”
Bu göstərici Azərbaycanın Avropa iqtisadi məkanında
mövqeyinin möhkəmləndiyini göstərməklə yanaşı, qarşılıqlı iqtisadi əməkdaşlığın
genişlənməsi üçün böyük potensialın mövcud olduğunu da nümayiş etdirir. Eyni
zamanda, Prezident İlham Əliyev vurğuladı ki, ticarət əlaqələri yalnız bir
istiqamətli proses deyil və Azərbaycan da Avropa ölkələrində fəal şəkildə
investisiya yatırır. Bu fakt ölkəmizin artıq regional səviyyədə mühüm iqtisadi
tərəfdaş kimi çıxış etdiyini göstərir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da öz növbəsində Azərbaycanla
əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, Azərbaycan Avropa
İttifaqının əsas tərəfdaşlarından biridir və son dövrlərdə münasibətlərdə yeni
dinamika müşahidə olunur. Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, enerji,
rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər.
Bu yanaşma Avropa İttifaqının Azərbaycanla münasibətlərə böyük önəm verdiyini
göstərir.
Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi
bir dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əlverişli geosiyasi mövqeyi, zəngin
enerji resursları və inkişaf edən nəqliyyat infrastrukturu Avropa ilə əməkdaşlıq
üçün mühüm imkanlar yaradır. Bu baxımdan Bakıda keçirilən görüş və səsləndirilən
fikirlər tərəflər arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə dair
ciddi siyasi iradənin mövcud olduğunu göstərir.
Beləliklə, Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın
Azərbaycana səfəri və səsləndirilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı
münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın
beynəlxalq mövqelərini daha da gücləndirir və ölkəmizin Avropa ilə əməkdaşlığını
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu əməkdaşlıq isə yalnız siyasi
dialoqu deyil, həm də iqtisadi inkişafı, regional sabitliyi və qarşılıqlı tərəqqini
təşviq edən mühüm amil kimi çıxış edir.
Şəfəq Balaşova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər 4 nömrəli tam orta məktəbin direktoru
Digər xəbərlər



