Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır.

Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın
Azərbaycana səfəri və Bakıda keçirilən birgə mətbuat bəyanatı Azərbaycan–Avropa
İttifaqı əməkdaşlığının enerji sahəsində strateji əhəmiyyətini bir daha nümayiş
etdirdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, enerji əməkdaşlığı tərəflər
arasında uzunmüddətli etimad və qarşılıqlı fayda üzərində qurulub.
Dövlət başçısı bildirdi: “Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı
olub, var və birmənalı olaraq olacaq. Həmin vaxtdan etibarən biz həm həcm, həm
də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu
gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi
sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz
edən bir nömrəli ölkəyik.”
Prezident İlham Əliyev qeyd
etdi ki, bu göstərici yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır:
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Eyni
zamanda, Azərbaycan qazının müxtəlif Avropa ölkələrinə çatdırılması enerji
bazarının şaxələndirilməsinə və qlobal enerji sabitliyinə töhfə verir.
Antonio Koşta isə bu əməkdaşlığın
Avropa üçün strateji əhəmiyyətini belə ifadə etdi: “Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın
təməlini təşkil edir… Bu gün nəticə göz qabağındadır. İran və digər
regional proseslərin təsiri fonunda enerji sahəsində hazırkı tərəfdaşlığımız
heç zaman olmadığı kimi daha əhəmiyyətlidir.”
Azərbaycan yalnız təbii qaz ixracı ilə
deyil, həm də bərpaolunan enerji sahəsində Avropaya strateji dəstək göstərir.
Prezident İlham Əliyev vurğuladı: “Enerji
sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki,
onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük
sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6–8
giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır.”
Bu, Avropanın enerji keçidini dəstəkləmək və
həmçinin qlobal ekoloji standartlara cavab verən enerji tədarükünü təmin etmək
üçün strateji imkan yaradır. Bakıda keçirilən görüşdə tərəflər həmçinin enerji
infrastrukturunun modernləşdirilməsi, dəniz dibi kabelləri və ötürmə xətləri üzərində
əməkdaşlığı müzakirə etdilər ki, bu da qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsi üçün əsas rol oynayır.
Beləliklə, Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın rolu artmaqda davam edir. Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası yalnız ölkəmizin
iqtisadi potensialını artırmır, həm də Avropanın strateji maraqlarını dəstəkləyən
etibarlı tərəfdaş imicini gücləndirir. Antonio Koştanın Azərbaycana səfəri və
birgə bəyanat bu əməkdaşlığın həm siyasi, həm də iqtisadi baxımdan davamlı və
perspektivli olduğunu təsdiqləyir.
Mehrac Gözəlov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Salyan RQİİ-nin Neftçala
xidmət sahəsi üzrə rəsi müavini
Digər xəbərlər



