Bakı görüşü Cənubi Qafqazda sabitlik və əməkdaşlıq gündəliyini gücləndirir.

2026-03-13 Baxış: 33
img

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə Bakıda keçirilən görüş Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Səfər tərəflər arasında regional təhlükəsizlik, sülh prosesləri və iqtisadi əməkdaşlığın gələcək perspektivlərini gücləndirmək məqsədini ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında bildirdi: “Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu, bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq.”

Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli stabillik və regiondakı dövlətlər arasında qarşılıqlı etimadın yaradılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, regionda sülh şəraitində artıq yeddi aydır ki, fəaliyyət göstərilir və bu müddət ərzində əldə edilən irəliləyişlər gələcək əməkdaşlıq üçün güclü təməl yaradır.

Antonio Koşta da çıxışında Azərbaycanla regional əməkdaşlığın əhəmiyyətini vurğuladı: “Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Biz həqiqi sülhün təkcə siyasi razılaşmalar üzərində deyil, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik.”

Görüş zamanı tərəflər Orta Dəhliz və nəqliyyat infrastrukturu, enerji layihələri, təhlükəsizlik mexanizmləri və regionda iqtisadi inteqrasiyanın genişləndirilməsi kimi məsələləri də müzakirə etdilər. Bu təşəbbüslər yalnız diplomatik səviyyədə deyil, həm də iqtisadi və sosial sahələrdə konkret nəticələrə gətirib çıxarır.

Beləliklə, Antonio Koştanın Azərbaycana səfəri və Bakıda keçirilən görüş Cənubi Qafqazda stabilliyin möhkəmləndirilməsi, sülhün davamlılığının təmin olunması və regional əməkdaşlıq gündəliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan həm diplomatik, həm iqtisadi, həm də humanitar sahələrdə regionun inkişafına və uzunmüddətli sabitliyinə etibarlı tərəfdaş kimi çıxış edir.

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Astanlı kənd tam orta məktəbin direktor müavini