Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı: Avropa İttifaqı Şurası ilə münasibətlərin siyasi konteksti

2026-03-13 Baxış: 40
img

Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı, xüsusən Avropa Şurası ilə münasibətləri ölkəmizin regional və qlobal siyasi proseslərdə fəal rolunu nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə Bakıda keçirilən görüş bu əməkdaşlığın strateji əhəmiyyətini bir daha vurğuladı.

Azərbaycan–Avropa İttifaqı Şurası münasibətləri uzunmüddətli dialoq, demokratik institutların gücləndirilməsi və hüquq sahəsində əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu çərçivədə tərəflər müxtəlif çoxtərəfli forumlarda qarşılıqlı maraqların qorunmasını təmin edir. Prezident İlham Əliyev birgə bəyanatda qeyd etdi: “Bizim Avropa tərəfdaşları ilə fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.”

Antonio Koşta isə bildirdi ki, Azərbaycan Avropa strukturları ilə əməkdaşlıqda mühüm tərəfdaşdır və Avropa İttifaqı Şurası ilə siyasi dialoq çərçivəsində mövcud mexanizmlərdən maksimum şəkildə istifadə edir: “Biz, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq. Azərbaycan ilə Avropa arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, gələcəyə birgə baxışımıza dair güclü siqnal verir.”

Bu yanaşma Azərbaycanın Avropa ilə ikitərəfli və çoxtərəfli siyasi dialoqa aktiv şəkildə qoşulduğunu və Avropa standartları əsasında institusional əməkdaşlıq imkanlarını genişləndirdiyini göstərir. Avropa Şurası ilə əməkdaşlıq ölkəmizin demokratik institutlarının inkişafına, insan hüquqlarının qorunmasına və hüquqi çərçivənin gücləndirilməsinə töhfə verir.

Bundan əlavə, Avropa strukturları ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir. Prezident İlham Əliyev vurğuladı: “Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Eyni zamanda, enerji əməkdaşlığı və siyasi dialoq bir-birini tamamlayır.”

Beləliklə, Azərbaycan–Avropa İttifaqı Şurası münasibətləri yalnız diplomatik əlaqələrlə məhdudlaşmır; onlar həm də hüquqi və institusional sahədə qarşılıqlı əməkdaşlığı, Avropa ilə strateji dialoqu və regionda dayanıqlı sabitliyi təmin edən mühüm vasitədir. Antonio Koştanın Azərbaycana səfəri və birgə bəyanatlar bu əməkdaşlığın davamlı, qarşılıqlı faydalı və perspektivli olduğunu təsdiqləyir.

 

Asif Qəfərov,

 

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

 

Boyat kənd İƏD üzrə nümayəndə