Keçid dövründə olan dünyada sülh və əməkdaşlığın əhəmiyyəti

XIII
Qlobal Bakı Forumu çərçivəsində 12 mart 2026-cı ildə keçirilən tədbirdə İlham
Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər,
regional təhlükəsizlik məsələləri və sülhün təmin edilməsinin əhəmiyyəti barədə
fikirlərini bölüşmüşdür. Prezident qeyd etmişdir ki, hazırda dünya mürəkkəb və
ziddiyyətli bir dövrdən keçir. Beynəlxalq münasibətlər sistemində yeni
geosiyasi reallıqlar formalaşır, dövlətlər arasında rəqabət artır və bir çox
regionlarda münaqişələr davam edir. Bu şəraitdə dövlətlər arasında dialoqun
gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və fikir ayrılıqlarının sülh
yolu ilə həll edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Cənab
Prezident çıxışında vurğulamışdır ki, qlobal problemlərin həlli yalnız əməkdaşlıq
və konstruktiv dialoq vasitəsilə mümkündür. Bu baxımdan beynəlxalq
platformaların rolu böyükdür. Qlobal Bakı Forumu da müxtəlif ölkələrin dövlət və
hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu
ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirə olunduğu mühüm
platformaya çevrilmişdir. Bu cür forumlar müxtəlif mövqelərin yaxınlaşdırılmasına,
qarşılıqlı anlaşmanın artırılmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına
xidmət edir.
Dövlət
başçısı çıxışında regionda sülh və sabitliyin təmin olunmasının Azərbaycanın əsas
prioritetlərindən biri olduğunu bildirmişdir. O qeyd etmişdir ki, uzun illər
davam edən münaqişələrin həlli və regionda davamlı sülhün qurulması yalnız beynəlxalq
hüquq normalarına əsaslanan yanaşma ilə mümkündür. Azərbaycan regionda uzunmüddətli
sabitliyin təmin edilməsi, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi
və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata
keçirir.
Prezident
çıxışında xüsusilə vurğulamışdır ki, regionda sülh prosesinin başlanması artıq
öz müsbət nəticələrini göstərməkdədir və “biz artıq sülhün üstünlüklərini
görürük”. Sülh və sabitlik mühitinin formalaşması regionda iqtisadi əməkdaşlığın
genişlənməsinə, ticarət əlaqələrinin inkişafına və yeni iqtisadi layihələrin həyata
keçirilməsinə imkan yaradır. Bu proses region ölkələrinin sosial-iqtisadi inkişafına
müsbət təsir göstərir və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin
qurulmasına şərait yaradır.
İlham
Əliyev həmçinin qeyd etmişdir ki, sülhün möhkəmləndirilməsi regionda nəqliyyat
və logistika imkanlarının genişlənməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Yeni
nəqliyyat marşrutlarının açılması, enerji və infrastruktur layihələrinin həyata
keçirilməsi regional əməkdaşlığı daha da gücləndirə bilər. Bu isə Cənubi Qafqaz
regionunun beynəlxalq iqtisadi və siyasi münasibətlər sistemində rolunun artmasına
səbəb olur.
Prezident
çıxışında beynəlxalq ictimaiyyətin də sülh və sabitliyin təmin olunması
prosesinə dəstək verməsinin vacibliyini vurğulamışdır. Onun sözlərinə görə,
müasir dünyada təhlükəsizlik, iqtisadi inkişaf və sabitlik bir-biri ilə sıx bağlıdır
və bu sahələrdə əldə olunan nailiyyətlər yalnız dövlətlərin birgə səyləri nəticəsində
mümkün ola bilər. Dövlətlər arasında qarşılıqlı hörmətə, beynəlxalq hüquq
prinsiplərinə və dialoqa əsaslanan münasibətlər davamlı sülhün əsasını təşkil
edir.
Sonda
dövlət başçısı qeyd etmişdir ki, qlobal miqyasda mövcud olan çağırışlara
baxmayaraq, dialoq və əməkdaşlıq yolu ilə fikir ayrılıqlarının aradan
qaldırılması mümkündür. Bu istiqamətdə beynəlxalq forumlar, o cümlədən Qlobal
Bakı Forumu mühüm rol oynayır. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi
siyasət isə regionda sabitliyin möhkəmlənməsinə, sülh mühitinin formalaşmasına
və ölkələr arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xidmət
edir.
Elman Nəcəfov,
YAP
Hacıqabul rayon təşkilatının ƏPT sədri, Hacıqabul rayon Statistika İdarəsinin rəisi.
Digər xəbərlər



