Quba qırğınları – Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ən qanlı təzahürlərindən biri

Azərbaycan tarixinin ən faciəli və eyni zamanda ən ibrətamiz
səhifələrindən biri 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələridir.
Bu qanlı hadisələrin ən dəhşətli təzahürlərindən biri isə Quba qəzasında baş
vermiş kütləvi qırğınlardır. Həmin dövrdə erməni silahlı birləşmələri bolşevik
qüvvələrinin dəstəyi ilə bölgədə misli görünməmiş vəhşiliklər törətmiş, minlərlə
dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə amansızlıqla qətlə
yetirmişdir.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin rəhbərliyi
altında fəaliyyət göstərən silahlı dəstələr Quba qəzasına doğru irəliləyərək
burada sistemli şəkildə soyqırımı siyasətini həyata keçirmişdir. Məqsəd təkcə əraziləri
nəzarət altına almaq deyil, eyni zamanda yerli azərbaycanlı əhalini fiziki cəhətdən
məhv etmək, bölgənin etnik tərkibini dəyişmək və gələcəkdə bu torpaqlarda
monoetnik mühit yaratmaq idi. Bu, əvvəlcədən planlaşdırılmış və konkret siyasi
məqsədlərə xidmət edən məqsədyönlü bir siyasət idi.
Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, Quba qəzasında
100-dən artıq kənd tamamilə dağıdılmış, minlərlə insan xüsusi qəddarlıqla qətlə
yetirilmişdir. Qırğınlar zamanı qadınlara, uşaqlara və qocalara qarşı misilsiz
vəhşiliklər törədilmiş, insanlar diri-diri yandırılmış, işgəncələrə məruz
qoyulmuşdur. Bu faktlar bir daha sübut edir ki, baş verən hadisələr adi hərbi
toqquşma deyil, konkret olaraq etnik və dini zəmində həyata keçirilmiş
soyqırımı aktı idi.
Quba hadisələrinin miqyası və dəhşəti təkcə yerli mənbələrdə
deyil, eyni zamanda dövrün müxtəlif xarici müşahidəçilərinin hesabatlarında da
öz əksini tapmışdır. Fövqəladə Təhqiqat Komissiyasının materiallarında bu
qırğınların detalları geniş şəkildə əks olunmuş, törədilən cinayətlərin
hüquqi-siyasi qiymətləndirilməsi üçün mühüm faktlar toplanmışdır. Həmin sənədlər
bu gün də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas
istinad mənbələrindən biridir.
Quba qırğınlarının real miqyası uzun illər müxtəlif səbəblərdən
tam şəkildə araşdırılmamışdır. Lakin 2007-ci ildə Quba şəhərində kütləvi məzarlığın
aşkarlanması bu hadisələrin miqyasını bir daha bütün dünyaya nümayiş etdirdi.
Aşkar olunan məzarlıqda müxtəlif yaş qruplarına aid yüzlərlə insanın qalıqları
tapıldı. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən olundu ki, həmin
qalıqlar 1918-ci il hadisələri zamanı amansızlıqla qətlə yetirilmiş insanlara məxsusdur.
Bu tapıntı Quba qırğınlarının təkzibedilməz sübutu kimi tarixə düşdü.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu
kimi tarixi həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması
istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirməyə başlamışdır.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart
– Azərbaycanlıların Soyqırımı Günü elan olunması bu istiqamətdə atılmış mühüm
addım olmuşdur. Bu qərar təkcə tarixi ədalətin bərpasına xidmət etməmiş, həm də
xalqımızın yaddaşında bu faciələrin daim yaşadılmasını təmin etmişdir.
Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü fəaliyyət nəticəsində 1918-ci il soyqırımı hadisələri beynəlxalq
müstəvidə daha geniş şəkildə tanıdılır, bu istiqamətdə elmi tədqiqatlar
aparılır, yeni faktlar üzə çıxarılır. Quba Soyqırımı Memorial Kompleksinin
yaradılması da məhz bu siyasətin tərkib hissəsi olaraq tariximizin bu qanlı səhifəsinin
unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir.
Quba qırğınları bir daha göstərir ki, Azərbaycan xalqı
tarix boyu ciddi sınaqlarla üzləşmiş, lakin heç vaxt öz milli kimliyindən,
tarixi yaddaşından və dövlətçilik ənənələrindən vaz keçməmişdir. Bu faciələr
eyni zamanda xalqımızın birliyini və mübarizə əzmini daha da gücləndirmiş,
milli həmrəyliyin möhkəmlənməsində mühüm rol oynamışdır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri də həmin
hadisələrə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, soyqırımı
faktlarını dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaqdır. Tarixi həqiqətlərin
təhrif edilməsinə qarşı mübarizə aparmaq, faktlara əsaslanan məlumatları beynəlxalq
platformalarda təqdim etmək dövlətimizin və cəmiyyətimizin prioritet istiqamətlərindən
biridir.
Nəticə etibarilə, Quba qırğınları təkcə Azərbaycan
tarixinin deyil, ümumilikdə insanlıq tarixinin ən faciəli səhifələrindən biri
kimi qiymətləndirilməlidir. Bu hadisələr insanlığa qarşı törədilmiş ağır cinayət
olmaqla yanaşı, eyni zamanda gələcək nəsillər üçün ciddi ibrət dərsidir. Azərbaycan
xalqı bu faciəni heç vaxt unutmur və unutmayacaq. Tarixi yaddaşımızın
qorunması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması isə hər birimizin vətəndaşlıq
borcudur.
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini
Neftçala şəhər 4 saylı tam
orta məktəbin tarix müəllimi
Digər xəbərlər



