Vəhşiliyin təzahürü – 1918-ci il mart soyqırımı hadisələri Azərbaycan xalqına qarşı sistemli cinayət kimi

Azərbaycan xalqının
tarixində 1918-ci ilin mart hadisələri xüsusi amansızlığı və miqyası ilə seçilən
qanlı faciə kimi yadda qalmışdır. Həmin dövrdə erməni silahlı dəstələri
bolşevik qüvvələri ilə birlikdə Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində
azərbaycanlılara qarşı əvvəlcədən planlaşdırılmış kütləvi qırğınlar törətmiş,
minlərlə günahsız insanı yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla
qətlə yetirmişdir. Bu hadisələr təsadüfi qarşıdurma deyil, konkret siyasi məqsədlərə
xidmət edən, sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi.
1918-ci ilin mart ayının
son günlərində Bakı şəhərində başlayan qırğınlar qısa müddət ərzində Şamaxı,
Quba, Qarabağ və digər bölgələrə yayılmışdır. Bakı Sovetinin rəhbərliyi altında
fəaliyyət göstərən silahlı birləşmələr şəhərdə yaşayan azərbaycanlı əhaliyə
qarşı misilsiz vəhşiliklər törətmiş, yaşayış məhəllələrini top atəşinə tutmuş,
evləri yandırmış, dinc əhalini kütləvi şəkildə qətlə yetirmişdir. Tarixi mənbələrdə
qeyd olunur ki, təkcə Bakı şəhərində on minlərlə azərbaycanlı bu qırğınların
qurbanı olmuşdur.
Bu hadisələrin ən dəhşətli
tərəflərindən biri törədilən cinayətlərin qeyri-insani üsullarla həyata
keçirilməsi idi. İnsanlar diri-diri yandırılmış, körpələr və qadınlar xüsusi qəddarlıqla
öldürülmüş, dini və mədəni abidələr məqsədli şəkildə dağıdılmışdır. Bu, yalnız
fiziki məhv etmə siyasəti deyil, eyni zamanda xalqın mənəvi və mədəni irsinin
silinməsinə yönəlmiş vandalizm aktı idi.
Şamaxıda baş verən hadisələr
bu vəhşiliyin ən bariz nümunələrindən biridir. Şəhərdə yüzlərlə ev və ictimai
bina dağıdılmış, məscidlər yandırılmış, minlərlə insan qətlə yetirilmişdir.
Tarixi məlumatlara görə, Şamaxı qəzasında 70-dən artıq kənd tamamilə məhv
edilmiş, əhali isə ya öldürülmüş, ya da didərgin salınmışdır. Eyni ssenari Quba
və digər bölgələrdə də təkrar olunmuş, nəticədə geniş coğrafiyada kütləvi insan
qırğınları həyata keçirilmişdir.
Mart soyqırımı hadisələrinin
mahiyyəti yalnız hərbi-siyasi qarşıdurma ilə izah oluna bilməz. Bu hadisələr
milli və dini zəmində həyata keçirilmiş məqsədyönlü etnik təmizləmə siyasətinin
tərkib hissəsi idi. Məqsəd azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb
çıxarmaq, onların sayını minimuma endirmək və bölgədə etnik balansı dəyişmək
idi. Bu isə beynəlxalq hüquq baxımından soyqırımı cinayətinin bütün elementlərini
özündə ehtiva edir.
Həmin dövrdə yaradılmış
Fövqəladə Təhqiqat Komissiyası bu cinayətlərin araşdırılması istiqamətində
mühüm işlər görmüş, çoxsaylı fakt və sübutlar toplamışdır. Komissiyanın
materiallarında qırğınların detalları, törədilən cinayətlərin miqyası və təşkilatçıları
haqqında ətraflı məlumatlar yer almışdır. Bu sənədlər bu gün də tarixi həqiqətlərin
öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Sovet dövründə bu hadisələrə
obyektiv hüquqi-siyasi qiymət verilməmiş, əksinə, bir çox hallarda təhrif
olunmuş və ya gizlədilmişdir. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra
1918-ci il mart soyqırımı hadisələrinə dövlət səviyyəsində siyasi qiymət
verilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı
ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, bununla da bu faciələrin
beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addım atılmışdır.
Bu gün Azərbaycan dövləti
bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı
faktlarının beynəlxalq müstəvidə tanıdılması üçün məqsədyönlü fəaliyyət davam
etdirilir. Aparılan tədqiqatlar, nəşr olunan kitablar və keçirilən beynəlxalq tədbirlər
bu istiqamətdə mühüm rol oynayır.
Mart soyqırımı hadisələri
bir daha göstərir ki, Azərbaycan xalqı tarix boyu ağır sınaqlarla üzləşsə də,
öz milli varlığını qoruyub saxlamağı bacarmışdır. Bu faciələr eyni zamanda
xalqımızın yaddaşında dərin iz buraxmış, milli birlik və həmrəyliyin möhkəmlənməsinə
səbəb olmuşdur.
Bu gün qarşıda duran əsas vəzifələrdən
biri də bu tarixi həqiqətlərin təhrif edilməsinin qarşısını almaq, faktlara əsaslanan
məlumatları beynəlxalq auditoriyaya çatdırmaqdır. Azərbaycan xalqına qarşı törədilmiş
bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsi və onların dünya miqyasında
soyqırımı kimi tanınması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir.
Nəticə etibarilə, 1918-ci
ilin mart hadisələri təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa
qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilməlidir. Bu vəhşiliklərin
unudulmaması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər
birimizin borcudur. Tarixi ədalətin bərpası uğrunda mübarizə isə bu gün də
aktuallığını qoruyur.
İsmayıl Yaqubov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Aşağı Qaramanlı kənd İƏD
üzrə nümayəndə
Digər xəbərlər



