1918–1920-ci illərdə İrəvanda azərbaycanlıların qətli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

XX əsrin əvvəllərində Cənubi
Qafqazda baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda azərbaycanlılara
qarşı həyata keçirilən zorakılıq və qırğınlar geniş coğrafiyanı əhatə etmişdir.
Bu qanlı hadisələrin ən ağrılı istiqamətlərindən biri isə indiki Ermənistan ərazisində,
xüsusilə İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən
sistemli etnik təmizləmə siyasəti olmuşdur. 1918–1920-ci illərdə bu bölgədə
minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, on
minlərlə insan öz doğma yurdlarından didərgin salınmışdır.
Tarixi mənbələr və arxiv sənədləri
göstərir ki, İrəvan şəhəri və ətraf qəzalar uzun illər azərbaycanlıların sıx
yaşadığı ərazilərdən biri olmuşdur. Lakin XX əsrin əvvəllərində bölgədə siyasi
vəziyyətin dəyişməsi, erməni millətçi qüvvələrinin fəallaşması və xarici dəstək
amili bu ərazilərdə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinə gətirib
çıxarmışdır. Məqsəd açıq şəkildə bölgədə monoetnik mühit yaratmaq və azərbaycanlıların
tarixi izlərini silmək idi.
1918-ci ildən etibarən İrəvan
quberniyasında azərbaycanlı kəndlərinə qarşı silahlı hücumlar intensiv xarakter
almışdır. Yaşayış məntəqələri yandırılmış, əhali kütləvi şəkildə qətlə
yetirilmiş, sağ qalanlar isə zorla öz yurdlarını tərk etməyə məcbur edilmişdir.
Bu proses planlı şəkildə həyata keçirilmiş, kəndlər bir-bir hədəf alınaraq
tamamilə məhv edilmişdir. Tarixi faktlara əsasən, yüzlərlə azərbaycanlı kəndi xəritədən
silinmiş, bölgənin etnik tərkibi süni şəkildə dəyişdirilmişdir.
Bu hadisələrin ən faciəvi tərəfi
ondan ibarət idi ki, qırğınlar yalnız silahlı qarşıdurmalar zamanı deyil, əsasən
dinc əhaliyə qarşı yönəlmişdir. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla
öldürülmüş, insanlar ağır işgəncələrə məruz qalmışdır. Bu isə bir daha sübut
edir ki, həyata keçirilən siyasət hərbi məqsədlərlə deyil, etnik nifrət və təmizləmə
niyyəti ilə bağlı olmuşdur.
İrəvanda və ətraf bölgələrdə
azərbaycanlılara qarşı törədilən bu cinayətlər yalnız fiziki məhvetmə ilə məhdudlaşmamış,
eyni zamanda mədəni və tarixi irsin sistemli şəkildə məhv edilməsi ilə müşayiət
olunmuşdur. Məscidlər, qəbiristanlıqlar və digər tarixi abidələr dağıdılmış, azərbaycanlıların
bu torpaqlarda əsrlər boyu mövcud olmuş izləri silinməyə çalışılmışdır. Bu,
klassik etnik təmizləmə siyasətinin bütün elementlərini özündə ehtiva edən
kompleks bir proses idi.
Həmin dövrdə baş verən
hadisələrə dair müxtəlif mənbələrdə kifayət qədər faktlar mövcuddur. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu istiqamətdə
mühüm araşdırmalar aparmış, toplanan materiallarda İrəvan quberniyasında azərbaycanlılara
qarşı törədilən cinayətlərin miqyası və detalları öz əksini tapmışdır. Bu sənədlər
bu gün də həmin hadisələrin hüquqi-siyasi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Təəssüf ki, sovet hakimiyyəti
illərində bu hadisələrə obyektiv qiymət verilməmiş, əksinə, bir çox hallarda bu
faktlar gizlədilmiş və ya təhrif olunmuşdur. Nəticədə uzun illər İrəvanda və
ümumilikdə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilmiş cinayətlər
lazımi səviyyədə araşdırılmamışdır. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən
sonra bu istiqamətdə sistemli tədqiqatlara başlanılmış, tarixi həqiqətlərin üzə
çıxarılması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan dövlətinin
apardığı məqsədyönlü siyasət nəticəsində bu gün həmin hadisələrin beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür. 1918–1920-ci illərdə
İrəvanda azərbaycanlılara qarşı törədilmiş qətliamlar ümumi soyqırımı siyasətinin
tərkib hissəsi kimi təqdim olunur və bu istiqamətdə elmi əsaslara söykənən
araşdırmalar davam etdirilir.
Bu faciələr Azərbaycan
xalqının tarixi yaddaşında dərin iz buraxmışdır. Doğma torpaqlarından didərgin
düşmüş insanların taleyi, məhv edilmiş kəndlər və dağıdılmış mədəni irs bu gün
də xalqımızın yaddaşında yaşayır. Bu, yalnız keçmişin faciəsi deyil, eyni
zamanda gələcək üçün ciddi ibrət dərsidir.
Bu gün qarşıda duran əsas vəzifələrdən
biri də həmin hadisələrin beynəlxalq hüquq müstəvisində tanıdılması, tarixi həqiqətlərin
təhrif olunmasının qarşısının alınması və obyektiv məlumatların dünya ictimaiyyətinə
çatdırılmasıdır. Bu istiqamətdə aparılan fəaliyyət dövlət siyasətinin mühüm tərkib
hissəsidir və gələcəkdə də davam etdiriləcəkdir.
Nəticə etibarilə,
1918–1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törədilmiş qətliamlar təkcə
regional hadisə deyil, geniş miqyaslı etnik təmizləmə siyasətinin bariz nümunəsi
kimi qiymətləndirilməlidir. Bu hadisələrə obyektiv hüquqi-siyasi qiymətin
verilməsi, tarixi ədalətin bərpası və həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması Azərbaycan dövlətinin və xalqının qarşısında duran mühüm vəzifələrdəndir.
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini
Şorkənd kən ümumi orta məktəbin
direktoru
Digər xəbərlər



