31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

Son iki yüz ildə Azərbaycan tarixinə bir
çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu
səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel
aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını
silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət
anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq
imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş
həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına
siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə
çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan
xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31
Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz
amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər
tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə
edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə
qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi,
rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən
keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri,
xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir
hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda
deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda,
Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan
sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi
nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı
yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı
proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin
Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
YAP Hacıqabul rayon
təşkilatının sədr müavini Hökmalı Mirzəyev
Digər xəbərlər



