31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixin unudulmayan faciəsi

Hər il 31 mart
Azərbaycanda yalnız bir anım günü deyil, həm də xalqın yaddaşında silinməz iz
buraxmış faciələrin xatırlandığı, tarixlə üzləşdiyi mühüm bir gündür. Bu tarix
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən rəsmi olaraq “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Həmin gündən etibarən hər il dövlət səviyyəsində
anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir.
Heydər Əliyevin qeyd etdiyi kimi, uzun illər
xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri barədə həqiqətlər dünya
ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamışdır. Lakin müstəqillik dövründə bu
istiqamətdə ciddi addımlar atılmış, tarixi faktların beynəlxalq aləmdə tanıdılması
üçün sistemli fəaliyyət başlanmışdır. Bu gün də bu məsuliyyət yalnız dövlətin
deyil, hər bir azərbaycanlının üzərinə düşür.
XX əsrin əvvəllərində baş verən hadisələr
xalqımız üçün xüsusilə faciəli olmuşdur. 1918-ci ilin mart-aprel aylarında Quba
və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir.
Xüsusilə Quba qırğınları tariximizin ən qanlı səhifələrindən biri kimi yadda
qalmışdır. Sonradan aşkar edilən kütləvi məzarlıqlar bu vəhşiliyin real
sübutudur və dünya tarixində nadir rast gəlinən faciələrdən hesab olunur.
Bu hadisələr yalnız bir bölgə ilə məhdudlaşmamışdır.
İrəvan və ətraf ərazilərdə də 1918–1920-ci illərdə minlərlə azərbaycanlı qətlə
yetirilmiş, doğma torpaqlarından didərgin salınmışdır. Bu proseslər daha sonra
da davam etmiş, müxtəlif dövrlərdə deportasiya və etnik təmizləmə siyasəti ilə
müşayiət olunmuşdur. Prezident İlham Əliyev bu hadisələri xalqımıza qarşı
aparılan sistemli siyasətin tərkib hissəsi kimi qiymətləndirmişdir.
Soyqırımı faktlarının araşdırılması zamanı
ortaya çıxan sənədlər və şahid ifadələri bu qırğınların planlı şəkildə həyata
keçirildiyini göstərir. Hətta bəzi hallarda həmin dövrün iştirakçıları tərəfindən
edilən etiraflar da bu vəhşiliklərin miqyasını açıq şəkildə ortaya qoyur. Bu isə
bir daha sübut edir ki, baş verənlər təsadüfi deyil, məqsədli şəkildə həyata
keçirilmiş cinayətlər silsiləsidir.
Aytən İmanova, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Direktoru
Digər xəbərlər



