31 mart Soyqırımı-Bəşər tarixinin ən qanlı faciələrindən biri.

Tariximizin ən faciəli və qanlı
səhifələrindən biri sayılan 31 Mart – Soyqırımı Günü xalqımızın yaddaşında
silinməz iz buraxmışdır. Bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri kimi qiymətləndirilən
soyqırımı, bütün dövrlərdə sülhə və insanlığa qarşı yönəlmiş ən qəddar
əməllərdən hesab olunur.Tarixi faktlar göstərir ki, Azərbaycan xalqı belə ağır
cinayətlərlə dəfələrlə üzləşmişdir. Bunun başlıca səbəblərindən biri isə
ermənilər tərəfindən irəli sürülən əsassız “Böyük Ermənistan” ideyasının həyata
keçirilməsi cəhdləri olmuş, bu isə azərbaycanlılara qarşı kütləvi qırğınlar və
soyqırımı aktları ilə nəticələnmişdir.
XVIII əsrdən başlayaraq tarixi
Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər, uydurma “Böyük Ermənistan”
planını reallaşdırmaq məqsədilə yerli azərbaycanlı əhaliyə qarşı sistemli
şəkildə zorakılıq siyasəti yürütmüş, onları doğma torpaqlarından sıxışdırıb
çıxarmağa çalışmışdır. Nəticədə, minlərlə günahsız insan planlı şəkildə həyata
keçirilən qətliamların qurbanına çevrilmişdir. Xalqımıza qarşı soyqırımı
siyasəti, kütləvi deportasiyalar, yaşayış məntəqələrinin dağıdılması və tarixi
toponimlərin dəyişdirilməsi prosesi XX əsr boyunca da davam etmişdir. 1918-ci
ildə Quba şəhərində və ətraf bölgələrdə erməni-bolşevik silahlı dəstələrinin
törətdiyi qırğınlar zamanı 2900-dən çox dinc sakin öldürülmüşdür. Ümumilikdə
isə Quba qəzasında 4000-dən artıq insan həyatını itirmiş, 122 kənd tamamilə
məhv edilmiş, 2750-dən çox ev yandırılaraq dağıdılmışdır.
Qubada aşkar edilən kütləvi məzarlıqlar
bu faciələrin miqyasını və törədilən vəhşiliyin dərəcəsini açıq şəkildə nümayiş
etdirir. Tapılan insan qalıqlarında güllə izlərinin olmaması onların əsasən küt
alətlərlə – balta və xəncərlərlə qətlə yetirildiyini göstərir. Bəzi sümüklərdə
müşahidə edilən mismar izləri isə insanların xüsusi işgəncə ilə öldürüldüyünü
sübut edir. Azərbaycan xalqına qarşı törədilmiş bu faciələrin unudulmaması və
dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ümumilli Liderimiz Heydər Əliyev
1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman
imzalamışdır. Həmin sənədə əsasən, 31 mart tarixi rəsmi şəkildə
“Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmağa başlanmışdır.
Bundan əlavə, Fərmanın icrasını daha sistemli
və məqsədyönlü şəkildə təmin etmək üçün 30 mart 1999-cu ildə Heydər Əliyev
tərəfindən xüsusi tədbirlər planı təsdiqlənmişdir. Bu plana uyğun olaraq,
elmi-tədqiqat işləri genişləndirilmiş, yeni tarixi faktlar üzə çıxarılmış,
beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və faciənin dünya miqyasında
tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
“Azərbaycanlıların soyqırımı haqqında”
Fərmanın imzalanması bu istiqamətdə elmi-tədqiqat fəaliyyətlərinə yeni təkan
verdi. Tarixi mənbələr sistemli şəkildə toplanaraq təhlil edildi, müxtəlif elmi
və publisistik əsərlər qələmə alındı, həmçinin mövzuya dair materiallar xarici
dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edildi.
2007-ci ilin aprel ayında Quba şəhər
stadionunda aparılan təmir və qazıntı işləri zamanı kütləvi məzarlıq üzə
çıxarıldı. Aparılmış tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində
500-dən artıq insan kəlləsi müəyyən edildi ki, onların 50-dən çoxu uşaqlara,
100-dən çoxu isə qadınlara aid idi. Elmi nəticələr bu insanların 1918-ci ildə
Qubada törədilmiş soyqırımının qurbanları olduğunu təsdiqlədi.
Bu tarixi faktların beynəlxalq
ictimaiyyətə çatdırılması, milli yaddaşın qorunması və qurbanların xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu ildə
xüsusi Sərəncam imzalayaraq Qubada “Soyqırımı memorial kompleksi”nin
yaradılması barədə qərar verdi.
Memorial kompleks 2012–2013-cü illərdə
Quba şəhərində, Qudyalçayın sol sahilində inşa olunmuş və 18 sentyabr 2013-cü
ildə istifadəyə verilmişdir. Ümumi sahəsi 3,5 hektar olan bu kompleks beş
hissədən ibarətdir. Dövlətimiz ermənilərin törətdiyi bu cinayətləri siyasi
müstəvidə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət
göstərir. Bu tarixi faktların gələcək nəsillərə ötürülməsi və beynəlxalq
səviyyədə tanıdılması hər bir azərbaycanlının üzərinə düşən mühüm
vəzifələrdəndir. Soyqırımı qurbanlarının xatirəsi daim ehtiramla yad edilməli,
belə faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaş qorunmalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu qələbədən sonra azad
olunmuş ərazilərə xarici diplomatların, beynəlxalq təşkilat nümayəndələrinin və
digər qonaqların səfərlərinin təşkili erməni vandalizminin dünya ictimaiyyətinə
çatdırılması üçün yeni imkanlar açmışdır. Dövlətimiz bu imkanlardan səmərəli
istifadə edərək, törədilmiş cinayətlərə beynəlxalq hüquqi və siyasi qiymətin
verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin
bələdçisi Səfərova Pərvanə
Digər xəbərlər



