31 mart soyqırımı- insanlığa qarşı ən ağır cinayət idi

Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük
Ermənistan” yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları
addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə
nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan
ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı,
Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara
qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata
keçiriblər.
1918-ci ilin mart ayında yaranmış
mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik
dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə
mart-aprel ayında baş verən bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı
qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Dinc
azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda
“Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam
edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə
azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan
böyüyədək hər kəsi qətlə yetiriblər. Təkcə Bakıda 12 min
azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq)
məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində
150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92
kənd yerlə-yeksan edilib.
Məhz Ümummilli Lider Heydər Əliyevin 26
mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü
elan edilməsi həqiqətlərimizin təbliğində dönüş nöqtəsi oldu. Bu strateji addım
dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarını xatırlatmaqla yanaşı, saxta
erməni təbliğatının formalaşdırdığı yalan təsəvvürləri darmadağın etdi.
Beləliklə, uzun illər "məzlum xalq" cildinə girmiş erməni
millətçiliyinin əsl siması ifşa olundu. Dövlət başçısı İlham Əliyevin 2018-ci
il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında" Sərəncamı bu istiqamətdə növbəti mühüm mərhələdir.
Sərəncamda qeyd edildiyi kimi, üzə çıxmış yeni tarixi faktlar 1918-ci ilin
mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat
çox olduğunu elmi şəkildə sübut edir. Ermənilərin torpaq iddialarının 1988-ci
ildə yenidən baş qaldırması bir milyondan artıq soydaşımızın qaçqın və məcburi
köçkün vəziyyətinə düşməsinə, xalqımızın 30 ilə yaxın müddətdə dünyanın ikili
standartlar siyasətinin əziyyətini çəkməsinə səbəb oldu.
2020-ci ilin sentyabrın 27 –də başlayan və cəmi 44 gün davam edən Vətən
müharibəsindəki şanlı Qələbəmizlə ermnilərin «böyük Erməristan» arzularına ağır
zərbə vuruldu. 30 illik işğal dövründə dünyanın aparıcı dövlətlərinin və
nüfuzlu beynəlxalq təşkilatların onilliklər boyu edə bilmədiklərini Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində reallaşdırdı.
Bu möhtəşəm qələbə ilə illərdir kağız üzərində qalan BMT Təhlükəsizlik
Şurasının qətnamələri döyüş meydanında icra olundu, tarixi ədalət bərpa edildi.
Haqqın və ədalətin zəfər çaldığı bu savaş Azərbaycanın hər bir şəhidinin, o
cümlədən 1918-ci il mart soyqırımı qurbanlarının da ruhunu şad etdi. Dövlət
başçımızın bəyan etdiyi kimi, biz bütün şəhidlərimizin qisasını düşməndən məhz
döyüş meydanında, mərdi-mərdanə aldıq.
Hazırda müasir və müstəqil Azərbaycan
özünə qarşı yönələn hər hansı aqressiyanı dərhal və qətiyyətlə dəf etmək
iqtidarında olan qüdrətli bir dövlətdir. Xalq-Prezident-Ordu birliyinin
yaratdığı bu yeni reallıq regionda davamlı sülhün və milli təhlükəsizliyimizin
ən böyük təminatıdır.
Bu gün hər bir azərbaycanlı bəşər
tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız
qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük
Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini
yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, o
cümlədən 31 Mart soyqırım qurbanlarının qisasını aldı.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



