Neftçalada Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

2019-06-08 Baxış: 2949
img

08.06.2019

Neftçala rayon Heydər Əliyev Mərkəzində İmadəddin Nəsiminin 650 illik  yubileyinə həsr edilmiş tədbir keçirilib.

MAYAKİNFO xəbər verir ki, tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, idarənin əməkdaşları və digər mədəniyyət işçiləri, Neftçala rayonunun rəsmi dövlət nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması və xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Sonra K.Məmmədovanın ssenari müəllifi olduğu tamaşa təqdim edilib. Nəsiminin həyat və yaradıcılığı mədəniyyət işçilərinin ifasında obrazların dili ilə tamşaçılara çatdırılıb və izləyənlərdə xoş təəssürat oyadıb. Milli musiqimizin müşaiyəti ilə şairin qəzəllərinin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.

Dəvət olunan qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva, həmin institutun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova, Nizami adına Ədəbiyyat İnstitutunun filologiya üzrə elmlər doktorları Xuraman Hümbətli və Mərziyyə Nəcəfova çıxış edərək bu cür möhtəşəm tədbirin təşəbbüskarı və təşkilatçısı olan mədəniyyət işçilərinə öz təşəkkürlərini bildiriblər.

Sona Haxıyeva. Neftçala