Zərifə xanım Əliyeva - unudulmaz alim, mehriban ana, qayğıkeş insan

2026-04-14 Baxış: 13
img

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Biz bu haqda nə bilirik? Bu sətirləri oxuduqca qəlbimiz iftixar hissi ilə dolur.

Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. oftalmologiya elmində böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və s. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.

 

            Zaur Qasımov,

YAP fəalı, Hacıqabul rayon Navahı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru.