Xatirələrdə yaşayan Zərifə Əliyeva

2026-04-14 Baxış: 8
img

Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya elm və mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini vermişlər. Belə qadınlarımızın sayı çoxdur. Onlardan biri də xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana, sədaqətli ömür yoldaşı, etibarlı dost, səmimi insan , eyni zamanda nümunəyə çevrilən Zərifə xanım Əliyevadır.

Bu təmkinli, səbrli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım insanlara təmənnasız sevgi bəxş etmişdi. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu. Onun Zərifə xanımla bağlı xatirələrində də bunu aydın görmək olur: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. O, həmçinin SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı idi. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.

Ömrünün son günlərinədək hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanım bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı kimi yaşayır. O, baharda doğulmuş, elə baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının xatirəsini həmişə əziz tutur və böyük ehtiramla yad edir.

 

 

Maya Qənbərova

YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı.