Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir.

2026-04-15 Baxış: 89
img

Azərbaycan tibb elminin inkişaf tarixində özünəməxsus yeri olan görkəmli alim, akademik Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti bu gün də böyük ehtiramla xatırlanır. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, əldə etdiyi mühüm elmi nəticələr və yetişdirdiyi kadrlar milli səhiyyə sistemimizin inkişafında əhəmiyyətli rol oynamışdır.

Zərifə Əliyeva elmi fəaliyyətinə başladığı ilk illərdən etibarən oftalmologiyanın aktual problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. O, xüsusilə sənaye sahəsində çalışan insanların peşə fəaliyyəti ilə əlaqədar yaranan göz xəstəliklərinin öyrənilməsi istiqamətində mühüm araşdırmalar aparmışdır. Kimya və neft sənayesində çalışan işçilərdə görmə orqanının zədələnməsi hallarını sistemli şəkildə tədqiq edən alim, bu xəstəliklərin yaranma səbəblərini elmi əsaslarla izah etmiş və onların qarşısının alınması üçün effektiv profilaktik tədbirlər kompleksi hazırlamışdır.

Akademik Zərifə Əliyevanın elmi yaradıcılığı yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamış, praktik səhiyyəyə mühüm töhfələr vermişdir. Onun hazırladığı metodik tövsiyələr və müalicə üsulları uzun illər ərzində həkimlər tərəfindən geniş tətbiq olunmuş, minlərlə insanın sağlamlığının qorunmasına xidmət etmişdir. Bu baxımdan, onun fəaliyyəti elmin praktiki nəticələrə çevrilməsinin parlaq nümunəsi kimi dəyərləndirilir.

Alimin elmi fəaliyyətində mühüm istiqamətlərdən biri də traxoma və digər yoluxucu göz xəstəlikləri ilə mübarizə olmuşdur. O dövrdə geniş yayılmış bu xəstəliklərin aradan qaldırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərdə Zərifə Əliyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri və elmi əsaslandırmaları nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə edilmiş, əhalinin sağlamlığının qorunması istiqamətində ciddi irəliləyişlərə nail olunmuşdur.

Zərifə Əliyeva eyni zamanda, yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük önəm vermişdir. O, uzun illər ərzində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc həkim və tədqiqatçıların yetişməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə müdafiə olunan elmi işlər, formalaşan elmi məktəb bu gün də Azərbaycan oftalmologiyasının inkişafında öz töhfəsini verməkdədir. Akademikin tələbələrinə aşıladığı peşəkarlıq, məsuliyyət və humanizm prinsipləri bu gün də tibbi ictimaiyyət üçün örnəkdir.

Zərifə Əliyevanın elmi əsərləri və monoqrafiyaları oftalmologiya sahəsində mühüm mənbələr kimi bu gün də aktuallığını qoruyur. Onun tədqiqatları yalnız respublika daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu isə bir daha təsdiq edir ki, Zərifə Əliyeva Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edən görkəmli alimlərdən biri olmuşdur.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, o, müxtəlif mükafat və fəxri adlara layiq görülmüşdür. Bu mükafatlar onun oftalmologiya sahəsində qazandığı uğurların və göstərdiyi xidmətlərin məntiqi nəticəsi idi. Eyni zamanda, bu qiymət Azərbaycan qadınının elm sahəsində qazandığı uğurların da parlaq təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır.

Bu gün Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında mühüm rol oynamaqda davam edir. Onun müəyyən etdiyi elmi istiqamətlər, irəli sürdüyü ideyalar və tətbiq etdiyi yeniliklər müasir dövrdə də öz aktuallığını itirməmişdir. Akademikin həyat və fəaliyyət yolu gənc nəsil üçün əsl örnək, elmə və insanlığa xidmətin ən ali nümunəsidir.

 

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

1 saylı Mayak kənd tam orta məktəbin direktoru