Energetika və iqtisadi əməkdaşlıq Azərbaycan–Ukrayna münasibətlərində əsas hərəkətverici qüvvəyə çevrilib.

Müasir dövrdə dövlətlərarası münasibətlərin
inkişaf dinamikasını müəyyən edən əsas amillər sırasında iqtisadi və energetika
sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan Azərbaycan ilə Ukrayna
arasında formalaşmış tərəfdaşlıq modeli məhz real iqtisadi nəticələrə və
qarşılıqlı faydalı əməkdaşlığa əsaslanaraq strateji məzmununu daha da gücləndirir.
Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı
mətbuata verdiyi bəyanat bu sahənin ikitərəfli münasibətlərdə aparıcı rol
oynadığını bir daha təsdiq edir.
Dövlət başçısı çıxışında xüsusi
vurğulamışdır ki, siyasi dialoqla yanaşı, iqtisadi və energetika sahəsində əməkdaşlıq
Azərbaycan–Ukrayna əlaqələrinin əsas sütunlarından biridir. Prezident İlham
Əliyev qeyd etmişdir: “Müzakirə olunan məsələlər
arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd
etmək istərdim.” Bu fikir onu göstərir ki, tərəflər münasibətlərin
inkişafında iqtisadi amili prioritet istiqamətlərdən biri kimi qiymətləndirirlər.
Energetika sahəsində əməkdaşlığın ən mühüm
göstəricilərindən biri Azərbaycanın dövlət enerji şirkəti olan SOCARın
Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsidir. Prezident İlham
Əliyevin sözləri ilə desək: “SOCAR
Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir.” Bu fəaliyyət
yalnız kommersiya xarakteri daşımır, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin
dərinləşməsinə və enerji təhlükəsizliyi sahəsində qarşılıqlı etimadın möhkəmlənməsinə
xidmət edir.
SOCAR-ın Ukrayna bazarındakı fəaliyyəti Azərbaycan
kapitalının beynəlxalq miqyasda uğurlu inteqrasiyasının bariz nümunəsi olmaqla
yanaşı, iki ölkə arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın praktik əsaslarını
formalaşdırır. Bu fəaliyyət nəticəsində enerji təchizatı, logistika və yanacaq
bazarı sahələrində mühüm nailiyyətlər əldə edilmişdir ki, bu da əməkdaşlığın
real nəticələrini əyani şəkildə nümayiş etdirir.
Bununla yanaşı, Prezident İlham Əliyev
mövcud nailiyyətlərlə kifayətlənmədiklərini, gələcək üçün daha geniş
perspektivlərin mövcud olduğunu da xüsusi qeyd etmişdir. Dövlət başçısı
vurğulamışdır ki, bu gün aparılan müzakirələr çərçivəsində yeni birgə layihələr,
təşəbbüslər və sərmayə qoyuluşu imkanları ətraflı şəkildə nəzərdən
keçirilmişdir. Bu isə onu göstərir ki, Azərbaycan–Ukrayna iqtisadi əməkdaşlığı
statik deyil, daim inkişaf edən və yeni məzmun qazanan prosesdir.
İqtisadi əməkdaşlığın mühüm göstəricilərindən
biri də ticarət dövriyyəsinin dinamikasıdır. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsi artıq yarım milyard dolları
ötüb. Bu rəqəm münasibətlərin iqtisadi əsaslarının kifayət qədər möhkəm
olduğunu göstərməklə yanaşı, mövcud potensialın tam reallaşdırılmadığını da
ortaya qoyur. Dövlət başçısı bu məsələyə toxunaraq bildirmişdir ki, qarşıdakı
illərdə bu göstəricinin daha da artırılması üçün geniş imkanlar mövcuddur.
Bu yanaşma onu deməyə əsas verir ki, Azərbaycan
və Ukrayna iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü
siyasət həyata keçirir. Xüsusilə investisiya qoyuluşu, birgə layihələrin icrası
və yeni bazar imkanlarının araşdırılması istiqamətində aparılan müzakirələr gələcəkdə
daha böyük iqtisadi nəticələrin əldə olunacağına zəmin yaradır.
Energetika sahəsində əməkdaşlıq isə yalnız
iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyətə malikdir. Azərbaycanın enerji
resursları və bu sahədə əldə etdiyi təcrübə Ukrayna üçün mühüm əhəmiyyət kəsb
edir. Eyni zamanda, Ukraynanın tranzit imkanları və regional mövqeyi bu əməkdaşlığı
qarşılıqlı faydalı və strateji baxımdan əhəmiyyətli edir. Beləliklə, energetika
sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edən
əsas amillərdən birinə çevrilir.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən
fikirlər bir daha göstərir ki, Azərbaycan–Ukrayna münasibətlərində iqtisadi və
energetika sahəsi artıq köməkçi deyil, aparıcı rol oynayan istiqamətə
çevrilmişdir. Bu sahədə əldə olunan nəticələr və mövcud perspektivlər tərəfdaşlığın
dayanıqlı və uzunmüddətli inkişafını təmin edən əsas faktor kimi çıxış edir.
Zakir Əliyev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Neftçala Peşə Məktəbi
PHŞ-nin əməkdaşı
Digər xəbərlər



