Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib.

2026-cı il mayın 4-də Prezident İlham Əliyev
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında
çıxışı zamanı regionda formalaşan yeni siyasi reallıqlara dair mühüm mesajlar
verdi. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın
2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsinə dəstək verməsi
oldu. Bu fakt təkcə diplomatik nəzakət nümunəsi deyil, həm də Cənubi Qafqazda
postmünaqişə mərhələsinin yeni siyasi məzmun qazandığını göstərən mühüm hadisə
kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev çıxışında bildirdi
ki, bir il əvvəl Tiranada keçirilmiş Zirvə toplantısı çərçivəsində Avropa
İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti
Ursula fon der Lyayen tərəfindən Ermənistanda keçiriləcək Zirvə görüşünə
münasibəti soruşularkən Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləyib. Bununla
yanaşı, dövlətimizin başçısı balanslı yanaşmanın qorunması məqsədilə növbəti
Zirvə toplantılarından birinin Azərbaycanda keçirilməsi təklifini irəli sürüb və
bu təklif qəbul edilib. Ən diqqətçəkən məqamlardan biri isə Ermənistanın da Azərbaycanın
namizədliyini dəstəkləməsi oldu.
Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir
həyata keçirdiyi rasional və praqmatik xarici siyasətin nəticəsidir. Azərbaycan
bölgədə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı etimad mühiti
formalaşdırmağa çalışan dövlət kimi çıxış edir. Xüsusilə 44 günlük Vətən
müharibəsindən sonra Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə regionda
tamamilə yeni geosiyasi konfiqurasiya yaradıb. Bu gün Ermənistanın belə beynəlxalq
platformada Azərbaycanın təşəbbüsünü dəstəkləməsi reallıqların dəyişdiyini və rəsmi
İrəvanın artıq yeni siyasi şərtləri qəbul etməyə başladığını nümayiş etdirir.
Prezident İlham Əliyevin “Biz cəmi doqquz
aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri isə xüsusi
siyasi məna daşıyır. Bu ifadə göstərir ki, Azərbaycan sülh prosesinə formal
diplomatik prosedur kimi deyil, uzunmüddətli regional təhlükəsizlik və sabitlik
layihəsi kimi yanaşır. Dövlət başçısının çıxışında hiss olunan əsas xətt ondan
ibarət idi ki, bölgədə yaranmış yeni vəziyyət artıq geri dönüşü olmayan mərhələyə
qədəm qoyub.
Əslində Ermənistanın Azərbaycanın namizədliyini
dəstəkləməsi həm də beynəlxalq ictimaiyyətə verilmiş siyasi mesajdır. Bu addım
bir daha təsdiqləyir ki, Azərbaycan regionda sabitliyin əsas təminatçısıdır və
sülh gündəliyinin müəllifi kimi çıxış edir. Uzun illər işğal və separatizmlə
üzləşmiş dövlətin bu gün regionda dialoq, əməkdaşlıq və beynəlxalq
platformaların təşkili təşəbbüsü ilə çıxış etməsi Azərbaycanın siyasi və
diplomatik gücünün göstəricisidir.
2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə toplantısının
Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti təsdiqi olacaq.
Son illərdə Azərbaycan qlobal və regional miqyaslı tədbirlərin keçirildiyi əsas
siyasi mərkəzlərdən birinə çevrilib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi,
COP29-a ev sahibliyi, beynəlxalq enerji və nəqliyyat layihələrində aparıcı rol
Azərbaycanın artan geosiyasi çəkisini açıq şəkildə nümayiş etdirir. “Avropa
Siyasi Birliyi” kimi mühüm platformanın da Azərbaycana etimad göstərməsi
Prezident İlham Əliyevin uğurlu diplomatiyasının nəticəsidir.
Digər mühüm məqam isə Azərbaycanın balanslı
və prinsipial siyasətinin artıq beynəlxalq miqyasda qəbul olunmasıdır.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan Ermənistanda
keçiriləcək tədbirə dəstək verməklə konstruktiv mövqe nümayiş etdirdi. Eyni
yanaşmanın Ermənistandan da gəlməsi bölgədə etimad quruculuğu baxımından mühüm
siqnaldır. Bu, həm də onu göstərir ki, regionda dayanıqlı sülh üçün real
imkanlar yaranıb.
Bu gün Cənubi Qafqaz yeni mərhələyə qədəm
qoyur. Bu mərhələnin əsas müəllifi isə hərbi-siyasi qələbəsini diplomatik
üstünlüyə çevirən Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs nəticəsində ölkəmiz təkcə öz ərazi bütövlüyünü və
suverenliyini təmin etmədi, eyni zamanda bölgədə yeni əməkdaşlıq platformasının
əsasını formalaşdırdı.
“Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Azərbaycanda
keçirilməsi ilə bağlı qərar və Ermənistanın bu qərarı dəstəkləməsi bir daha təsdiq
edir ki, Azərbaycan artıq regionun siyasi gündəliyini müəyyən edən əsas
aktordur. Bu reallıq isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və
milli maraqlara əsaslanan dövlət idarəçiliyinin məntiqi nəticəsidir.
Zülfəli Muradov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər



