Sülhün real nəticələri: Azərbaycan regionda yeni iqtisadi əməkdaşlıq mərhələsi formalaşdırır.

2026-cı il mayın 4-də Prezident İlham Əliyev
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında
çıxışı zamanı Azərbaycan–Ermənistan münasibətlərində yaranmış yeni reallıqlara
dair mühüm faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət
başçısının səsləndirdiyi ən əhəmiyyətli məqamlardan biri sülhün artıq konkret
iqtisadi və nəqliyyat nəticələri verməsi ilə bağlı idi. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, əldə olunmuş sülh şəraitində Azərbaycan öz ərazisi
vasitəsilə Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini birtərəfli
qaydada aradan qaldırıb və indiyədək Ermənistan istiqamətində 28 min ton yük
daşınıb.
Bu fakt əslində regionda formalaşan yeni
siyasi və iqtisadi arxitekturanın göstəricisidir. Uzun illər davam edən işğal və
qarşıdurma şəraitindən sonra bu gün Azərbaycan regionda kommunikasiyaların
açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı münasibətlərin
qurulması istiqamətində real addımlar atan tərəf kimi çıxış edir. Prezident
İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri də məhz Azərbaycanın
sülh gündəliyinə sadiqliyinin əməli addımlarla təsdiqlənməsi oldu.
Ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə
imzalanmış Birgə Bəyannamə və Ermənistanla Azərbaycan arasında sülh sazişi mətninin
paraflanması regionda yeni mərhələnin əsasını qoydu. Prezident Donald Trampın
da şahid qismində iştirak etdiyi həmin proses beynəlxalq səviyyədə sülhə verilən
siyasi dəstəyin göstəricisi idi. Lakin əsas diqqətçəkən məqam bundan sonra Azərbaycanın
nümayiş etdirdiyi siyasi iradə oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi,
Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini
birtərəfli qaydada ləğv etdi. Bu addım həm humanitar, həm iqtisadi, həm də
siyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Əslində 28 min ton yükün Azərbaycan ərazisi
vasitəsilə Ermənistana çatdırılması təkcə statistik göstərici deyil. Bu,
regionda düşmənçilik mühitindən əməkdaşlıq mühitinə keçidin real indikatorudur.
Azərbaycan bununla nümayiş etdirir ki, postmünaqişə dövründə əsas prioritet
sabitlik, iqtisadi inteqrasiya və kommunikasiyaların açılmasıdır. Bu yanaşma
Prezident İlham Əliyevin uzun illərdir müdafiə etdiyi regional əməkdaşlıq
modelinin praktik nəticəsidir.
Prezident İlham Əliyevin çıxışında
vurğuladığı digər mühüm məqam Azərbaycanın ilk dəfə olaraq Ermənistana benzin və
dizel ixracına başlaması oldu. İndiyədək 12 min ton neft məhsulunun Ermənistana
göndərilməsi faktı göstərir ki, bölgədə iqtisadi münasibətlər mərhələli şəkildə
normallaşmağa başlayır. Bu, həm də onu təsdiqləyir ki, Azərbaycan sülhü yalnız
siyasi sənəd kimi deyil, konkret iqtisadi və sosial nəticələr doğuran strateji
proses kimi qəbul edir.
Azərbaycanın nümayiş etdirdiyi bu
konstruktiv yanaşma bölgədə yeni iqtisadi imkanlar formalaşdırır. Açılan nəqliyyat-kommunikasiya
xətləri təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın
inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Regionun beynəlxalq nəqliyyat və
logistika mərkəzinə çevrilməsi perspektivi artıq nəzəri yanaşma deyil, praktik
mərhələyə daxil olur.
Bu prosesdə Azərbaycanın rolu xüsusilə diqqət
çəkir. Çünki regionda yeni iqtisadi reallıqların formalaşmasının əsas təşəbbüskarı
məhz Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasət nəticəsində ölkəmiz həm hərbi-siyasi müstəvidə qalib dövlət statusunu
möhkəmləndirdi, həm də sülh və əməkdaşlıq gündəliyinin əsas müəllifinə
çevrildi.
Prezident İlham Əliyevin Zirvə
toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan bölgədə davamlı sülhün əldə
olunması üçün ardıcıl və prinsipial siyasət həyata keçirir. Ermənistanın da artıq
bu reallıqları qəbul etməyə başlaması regionda yeni mərhələnin əsasını
formalaşdırır. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş
coğrafiyada etibarlı tərəfdaş, sabitlik yaradan və əməkdaşlığı təşviq edən dövlət
kimi qəbul olunur.
Sülhün konkret nəticələr doğurması isə
Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun uğurunu bir daha təsdiqləyir.
Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional əməkdaşlıq modeli gələcəkdə
Cənubi Qafqazın təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat baxımından
mühüm mərkəzlərdən birinə çevrilməsinə xidmət edəcək.
Ülviyyə Abdullayeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Neftçala şəhər 1 nömrəli tam orta məktəbin
direktoru
Digər xəbərlər



