İkili standartlar regional sabitliyə təhlükə yaradır.

2026-05-08 Baxış: 74
img

2026-cı il mayın 4-də Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı mühüm siyasi mesajlar verdi. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri bəzi Avropa institutlarının regionda gedən proseslərə münasibətdə nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan yanaşmanın açıq şəkildə ifşa olunması oldu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Ermənistan arasında artıq sülhün real nəticələri görünməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə regionda yeni nəqliyyat-kommunikasiya arxitekturasının formalaşmasına xidmət edir və Cənubi Qafqazın beynəlxalq tranzit məkanına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Avropa Komissiyasının sülh prosesinə münasibətdə nümayiş etdirdiyi konstruktiv yanaşma oldu. Dövlət başçısı Avropa Komissiyasına təşəkkür edərək bildirdi ki, bu qurum regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində daha obyektiv mövqe sərgiləyir. Lakin Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, təəssüf ki, bütün Avropa institutları eyni yanaşmanı nümayiş etdirmir.

Dövlət başçısının çıxışında Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə dair səsləndirilən fikirlər əslində uzun illərdir Azərbaycanın qarşılaşdığı siyasi ədalətsizliyin növbəti təzahürüdür. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu illər ərzində ölkəmizin nümayəndə heyətinə heç vaxt hər hansı məhdudiyyət tətbiq edilməmişdi. Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatçılığa son qoymasından və BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan qətnamələrini özü icra etməsindən cəmi bir neçə ay sonra AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edildi.

Bu yanaşma açıq şəkildə göstərir ki, bəzi Avropa institutları beynəlxalq hüquq normalarına deyil, siyasi maraqlara əsaslanan selektiv siyasət yürüdürlər. Halbuki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir və bu məsələdə ikili standartların tətbiqi qəbuledilməzdir.

Əslində Avropa Parlamenti və AŞPA-nın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqe regionda sülh prosesinə zərbə vurmaq cəhdidir. Çünki bu gün Azərbaycan Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Ermənistanın belə artıq Azərbaycanın təşəbbüslərini dəstəkləməsi və sülhün real nəticələrinin ortaya çıxması fonunda bəzi Avropa dairələrinin destruktiv mövqe sərgiləməsi onların regionda yaranmış yeni reallıqları qəbul etmək istəmədiyini göstərir.

Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Dövlətimizin başçısı açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, regionda sülhün alternativi yoxdur və bu prosesə mane olmaq cəhdləri nəticəsiz qalacaq. Azərbaycanın həyata keçirdiyi siyasət regional əməkdaşlığa, iqtisadi inteqrasiyaya və davamlı təhlükəsizliyə xidmət edir.

Bu gün regionda formalaşan yeni geosiyasi reallıqların müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə öz suverenliyini və ərazi bütövlüyünü təmin etmədi, eyni zamanda postmünaqişə dövrünün siyasi və iqtisadi gündəliyini müəyyənləşdirən əsas aktora çevrildi. Beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin daha da güclənməsi və ölkəmizin regional təşəbbüslərinin dəstəklənməsi bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısındakı çıxışı həm regional sülh gündəliyinin mahiyyətini, həm də bəzi beynəlxalq institutların qərəzli yanaşmasının əsl mahiyyətini beynəlxalq auditoriyaya aydın şəkildə təqdim etdi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət yürüdür və regionda davamlı sülhün əsas təminatçısı kimi çıxış edir.

 

Gündüz Əsgərov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Xol Qarabucaq kənd İƏD üzrə nümayəndə