Avropa Parlamenti böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.

2026-05-08 Baxış: 64
img

2026-cı il mayın 4-də Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəzi Avropa institutlarının Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli və destruktiv siyasətə dair mühüm mesajlar verdi. Dövlət başçısının xüsusilə Avropa Parlamentinin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər son illərdə Azərbaycanın üzləşdiyi ikili standartların və siyasi təzyiq cəhdlərinin mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa Parlamenti regionda sülh prosesinə dəstək vermək əvəzinə, əksinə, bu prosesə sabotaj xarakterli fəaliyyət göstərir. Dövlət başçısının qeyd etdiyi faktlar göstərir ki, bu qurum artıq uzun müddətdir Azərbaycana qarşı sistemli qarayaxma kampaniyası aparır. Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin may ayından 2026-cı ilin 30 aprel tarixinə qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Bu statistika açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı qərəzli yanaşma artıq ayrı-ayrı siyasi qrupların mövqeyi deyil, sistemli siyasətə çevrilib.

Ən diqqətçəkən məqamlardan biri isə son qətnamənin məhz Zirvə toplantısından bir neçə gün əvvəl qəbul edilməsi oldu. Bu addım təsadüfi deyil və Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Lakin Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu cəhdlər nəticəsizdir. Çünki Azərbaycan artıq regionda yeni siyasi reallıqları formalaşdıran güclü dövlətə çevrilib və ölkəmizin beynəlxalq mövqeləri gündən-günə möhkəmlənir.

Prezident İlham Əliyev haqlı olaraq diqqətə çatdırdı ki, Avropa Parlamenti bu gün Avropanın üzləşdiyi real problemlərlə məşğul olmaq əvəzinə, bütün enerjisini Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına sərf edir. Halbuki Avropa məkanı hazırda ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, rəqabət qabiliyyətinin zəifləməsi və evsiz insanların sayının artması kimi ciddi problemlərlə qarşı-qarşıyadır. Bu fundamental məsələlərin həlli əvəzinə Azərbaycanın hədəfə alınması Avropa Parlamentində bəzi dairələrin siyasi sifariş əsasında fəaliyyət göstərdiyini açıq şəkildə nümayiş etdirir.

Əslində Azərbaycana qarşı bu qərəzli münasibətin əsas səbəbi ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan separatçılığa son qoyub, beynəlxalq hüququ bərpa edib və müharibə cinayətkarlarını məsuliyyətə cəlb edib. Məhz bu reallıqlar bəzi dairələri narahat edir. Çünki uzun illər regionda mövcud olmuş status-kvonun dəyişməsi və Azərbaycanın qəti siyasi iradəsi nəticəsində yeni geosiyasi vəziyyətin formalaşması müəyyən mərkəzlərin maraqları ilə üst-üstə düşmür.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycanın bu qərəzli siyasətə qarşı prinsipial mövqe nümayiş etdirməsi oldu. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştiraka son qoyulması və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlanmasına dair qərar qəbul edib. Bu addım Azərbaycanın milli maraqlarını və suveren hüquqlarını qətiyyətlə müdafiə etdiyini göstərir.

Azərbaycan heç vaxt təzyiq dili ilə danışan qüvvələrin diktəsini qəbul etməyib və bundan sonra da qəbul etməyəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil və prinsipial aktor kimi mövqeyini daha da gücləndirib. Bu gün Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı, enerji təhlükəsizliyinin təminatçısı və mühüm geosiyasi tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini qətiyyətlə müdafiə edir və ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək. Əksinə, Azərbaycanın artan beynəlxalq nüfuzu və regional liderlik mövqeyi daha da möhkəmlənəcək.

Bu gün regionda yaranmış yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Azərbaycanın diktə etdiyi sülh və əməkdaşlıq gündəliyi Cənubi Qafqazın gələcəyini müəyyənləşdirir. Avropa Parlamentindəki bəzi dairələrin qərəzli münasibəti isə bu reallığı dəyişmək gücündə deyil.

 

Mehdi Miriyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Nefçala MKTİB-nin rəisi