Azərbaycan sülh gündəliyinə sadiqdir.

2026-cı il mayın 4-də Prezident İlham Əliyev
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında
çıxışı zamanı regionda formalaşan yeni siyasi reallıqlara və Azərbaycan–Ermənistan
münasibətlərinin gələcək perspektivlərinə dair mühüm mesajlar verdi. Dövlət
başçısının çıxışının yekun hissəsində səsləndirdiyi fikirlər bir daha nümayiş
etdirdi ki, Azərbaycan postmünaqişə dövründə sülh gündəliyinə sadiq qalan və
regionda davamlı sabitliyin təmin olunması üçün ardıcıl siyasət həyata keçirən əsas
tərəfdir.
Prezident İlham Əliyev çıxışının sonunda Ermənistanın
Baş naziri Nikol Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Ermənistanda
keçirilməsi münasibətilə təbrik etdi və vurğuladı ki, prosesə mane olmaq istəyən
tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.
Dövlət başçısının bu mesajı əslində regionda gedən proseslərin mahiyyətini və
Azərbaycanın strateji yanaşmasını tam şəkildə ortaya qoyur.
Son illər ərzində Cənubi Qafqazda baş verən
proseslər göstərdi ki, regionda yeni geosiyasi reallıqlar formalaşıb və bu
reallıqların əsas müəllifi Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini tam təmin etməklə yanaşı, postmünaqişə dövrünün siyasi gündəliyini
də müəyyənləşdirən əsas aktora çevrilib. Bu gün regionda sülh və əməkdaşlıq
perspektivlərinin yaranması məhz Azərbaycanın nümayiş etdirdiyi siyasi iradənin
nəticəsidir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən
əsas məqamlardan biri də Ermənistan tərəfinin artıq sülh prosesinin reallığını
qəbul etməsi ilə bağlı idi. Dövlət başçısının vurğuladığı kimi, ermənistanlı həmkarının
çıxışında səslənən fikirlər də Azərbaycanın sülh gündəliyinə sadiqliyini və bu
prosesin alternativsiz olduğunu təsdiqləyir. Bu, regionda uzun illər davam
etmiş qarşıdurma və düşmənçilik siyasətindən sonra yeni mərhələnin
formalaşdığını göstərən mühüm siyasi mesajdır.
Əslində bu gün regionda sülh prosesinə mane
olmaq istəyən qüvvələrin mövcudluğu sirr deyil. Müxtəlif beynəlxalq dairələr, bəzi
siyasi mərkəzlər və ayrı-ayrı təsisatların nümayəndələri regionda yaranmış yeni
reallıqları qəbul etmək istəmirlər. Azərbaycanın öz suverenliyini və ərazi
bütövlüyünü tam təmin etməsi, separatizmə son qoyması və bölgədə yeni əməkdaşlıq
modelinin əsasını formalaşdırması müəyyən dairələrin maraqlarına uyğun gəlmir.
Buna görə də zaman-zaman regionda gərginliyi artırmağa, sülh prosesinə mane
olmağa yönəlmiş addımların şahidi oluruq.
Lakin Prezident İlham Əliyevin çıxışında xüsusi
vurğulandığı kimi, bütün bu cəhdlərə baxmayaraq Azərbaycan öz prinsipial
mövqeyindən geri çəkilmir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki,
regionda davamlı sülhün təmin olunması Azərbaycanın strateji prioritetidir. Bu
gün ölkəmizin həyata keçirdiyi siyasət revanşizmə deyil, əməkdaşlığa,
qarşıdurmaya deyil, qarşılıqlı faydalı münasibətlərə əsaslanır.
Azərbaycanın sülh gündəliyinə sadiqliyi
artıq konkret addımlarda da özünü göstərir. Kommunikasiyaların açılması,
tranzit imkanlarının genişləndirilməsi, Ermənistana yük daşımalarının həyata
keçirilməsi və iqtisadi əlaqələrin formalaşdırılması bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regionu yeni əməkdaşlıq
məkanına çevirməyi hədəfləyir.
Bu gün beynəlxalq ictimaiyyət də Azərbaycanın
bölgədə yaratdığı yeni reallıqları qəbul edir. Ölkəmizin təşəbbüsü ilə
formalaşan regional əməkdaşlıq modeli artıq qlobal səviyyədə də diqqətlə izlənilir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, mühüm siyasi və iqtisadi layihələrin
mərkəzində yer alması Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan
siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin “Avropa Siyasi
Birliyi”nin Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan
regionun gələcəyini müəyyənləşdirən əsas siyasi gücdür. Ölkəmiz sülhə, sabitliyə
və əməkdaşlığa əsaslanan yeni regional düzənin formalaşdırılması istiqamətində
qətiyyətli siyasət həyata keçirir. Bu siyasətin alternativi yoxdur və region
dövlətləri artıq yeni reallıqlarla hesablaşmağa başlayıblar.
Azərbaycanın sülh gündəliyinə sadiqliyi,
prinsipial mövqeyi və konstruktiv təşəbbüsləri Cənubi Qafqazın gələcək
inkişafının əsas təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz
bundan sonra da regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması
istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.
Günel Əliyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədr müavini
Həsənabad qəsəbə 2 nömrəli KEUB-un
direktoru, partiya fəalı
Digər xəbərlər



