“Avropa Siyasi Birliyi” Zirvəsində yeni geosiyasi reallıqların təqdimatı

2026-cı il mayın 4-də Ermənistanın
paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə
toplantısı müasir beynəlxalq münasibətlər sistemində mühüm siyasi hadisələrdən
biri kimi diqqət mərkəzində oldu. Qlobal geosiyasi proseslərin mürəkkəbləşdiyi,
enerji təhlükəsizliyi, regional sabitlik və s. məsələlərin beynəlxalq gündəliyin
əsas prioritetlərinə çevrildiyi bir dövrdə keçirilən Zirvə toplantısı Avropa məkanında
siyasi dialoq və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət
daşıyırdı. Prezident İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edərək
regionda yaranmış yeni reallıqlar, Azərbaycan–Ermənistan münasibətlərində
müşahidə olunan müsbət dinamika və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı
mühüm mesajlar verdi.
“Avropa Siyasi Birliyi”
platforması yarandığı gündən etibarən Avropa ölkələri arasında təhlükəsizlik,
enerji, iqtisadi əməkdaşlıq və siyasi dialoqun inkişaf etdirilməsi məqsədinə
xidmət edir. Bu platformanın əsas xüsusiyyətlərindən biri Avropa məkanında müxtəlif
siyasi baxışlara malik dövlətləri ortaq maraqlar ətrafında bir araya gətirməsidir.
Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin beynəlxalq münasibətlər
sistemində artan rolunun və geosiyasi əhəmiyyətinin göstəricisidir.
Prezident İlham Əliyevin
Zirvə toplantısındakı çıxışı bir neçə mühüm istiqaməti əhatə etməklə yanaşı,
postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi
münasibətlər sisteminin mahiyyətini də ortaya qoydu. Dövlət başçısının
çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa
Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyimizi
dəstəkləməsi oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu addım Azərbaycan
ilə Ermənistan arasında sülhün real olmasının mühüm göstəricilərindən biridir.
Ermənistanın Azərbaycanın
namizədliyini dəstəkləməsi regionda yeni siyasi mərhələnin başlandığını göstərən
mühüm hadisədir. Uzun illər davam edən qarşıdurma və işğal siyasətindən sonra
bu gün Cənubi Qafqazda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşması
istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin “Biz cəmi doqquz
aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri də məhz bu
yeni mərhələnin siyasi mahiyyətini ifadə edir.
Prezident İlham Əliyevin
çıxışında diqqət çəkən digər mühüm məqamlardan biri sülhün artıq konkret
iqtisadi nəticələr verməsi ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan
Ermənistanla münasibətlərdə yeni əməkdaşlıq imkanlarının formalaşdırılması
istiqamətində mühüm addımlar atıb. Xüsusilə uzun illər tətbiq olunmuş tranzit məhdudiyyətlərinin
aradan qaldırılması nəticəsində indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana
28 min ton yük daşınıb. Bu fakt regionda iqtisadi münasibətlərin və
kommunikasiyaların bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, Azərbaycan
ilk dəfə olaraq Ermənistana öz neft məhsullarını – benzin və dizel ixrac etməyə
başlayıb. İndiyədək 12 min ton neft məhsulunun Ermənistana göndərilməsi iki ölkə
arasında iqtisadi münasibətlərin formalaşmağa başladığını göstərən mühüm göstəricidir.
Bu proses həm regionda qarşılıqlı iqtisadi asılılığın artmasına, həm də
uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin
çıxışında xüsusi yer tutan məsələlərdən biri də regionun gələcək nəqliyyat və
logistika imkanları ilə bağlı idi. Dövlət başçısının qeyd etdiyi “Trampın Beynəlxalq
Sülh və Rifah Marşrutu” layihəsi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı,
Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Bu layihə yalnız regional deyil, beynəlxalq
miqyasda da strateji əhəmiyyətə malikdir. Çünki hazırda Avropa ilə Asiya
arasında alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına böyük ehtiyac var və
Azərbaycan bu istiqamətdə mühüm tranzit mərkəzi kimi çıxış edir.
Orta Dəhlizin əhəmiyyətinin
sürətlə artdığı bir dövrdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika
siyasəti ölkəmizin beynəlxalq iqtisadi sistemdə rolunu daha da gücləndirir. Bakı–Tbilisi–Qars
dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat
dəhlizləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə
çevrildiyini göstərir. Yeni marşrutların açılması isə bu strateji mövqeni daha
da möhkəmləndirəcək.
Prezident İlham Əliyevin
Zirvə toplantısındakı çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan
postmünaqişə dövründə regionda sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın əsas
təşəbbüskarıdır. Bu gün ölkəmizin həyata keçirdiyi siyasət Cənubi Qafqazı
qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevirməyə xidmət edir.
Azərbaycanın beynəlxalq
platformalarda artan nüfuzu, regional təşəbbüslərin mərkəzində yer alması və əməkdaşlıq
gündəliyini müəyyən edən əsas dövlətlərdən birinə çevrilməsi Prezident İlham
Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir.
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirilən fikirlər də
bir daha təsdiqlədi ki, Azərbaycan regionun gələcəyini müəyyən edən əsas siyasi
və iqtisadi güclərdən biridir.
Bu gün regionda formalaşan
yeni reallıqlar davamlı sülh, qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya
üçün geniş imkanlar yaradır. Azərbaycan isə bu prosesin aparıcı qüvvəsi kimi həm
regional sabitliyə, həm də beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr
verməyə davam edir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının
sədri
Digər xəbərlər



