Neftçalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.

2026-05-12 Baxış: 3
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev – müasir və qalib Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ilk olaraq YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını formalaşdırdığını, müstəqil dövlətçilik kursunu müəyyənləşdirdiyini və ölkənin dayanıqlı inkişafının möhkəm təməllərini yaratdığını bildirib. O, Yeni Azərbaycan Partiyasının bu siyasi kursun daşıyıcısı kimi bu gün də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını vurğulayıb.
Daha sonra YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin əməkdaşı Əli Axundov çıxış edərək Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, onun xilaskarlıq missiyasının Azərbaycan tarixində oynadığı müstəsna roldan bəhs ediblər. Onlar Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursun bu gün də uğurla davam etdirildiyini, ölkənin inkişafına və beynəlxalq mövqelərinin güclənməsinə xidmət etdiyini qeyd ediblər.
Ardınca Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib. O, bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyini, ölkəmizin mütərəqqi inkişaf və quruculuq modeli formalaşdırdığını diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam etdirilib, musiqi nömrələri və rəqs kompozisiyaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Neftçala rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.