Bakı qlobal şəhərsalma dialoqunun aparıcı platformalarından birinə çevrilir.

Müasir beynəlxalq münasibətlər sistemində
dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi güclə müəyyənləşmir. Qlobal təşəbbüslərdə
iştirak, beynəlxalq platformalara ev sahibliyi etmək, müxtəlif ölkələri ortaq məqsədlər
ətrafında birləşdirmək bacarığı da mühüm siyasi göstəricilərdən biridir. Son
illər Azərbaycanın artan beynəlxalq nüfuzu məhz bu reallıq fonunda daha aydın
görünür. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli
xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız regionun deyil, daha geniş
coğrafiyanın mühüm dialoq mərkəzlərindən birinə çevrilib.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası da ölkəmizin artan beynəlxalq mövqeyinin növbəti
mühüm göstəricisi oldu. Dünyanın müxtəlif regionlarından dövlət rəsmilərinin,
beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və urbanistika sahəsində
tanınmış mütəxəssislərin iştirak etdiyi bu tədbir Azərbaycanın qlobal gündəlikdə
oynadığı rolun miqyasını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin
forumdakı çıxışı isə Azərbaycanın yalnız iştirakçı deyil, həm də beynəlxalq
inkişaf gündəliyinə töhfə verən ölkə olduğunu göstərdi.
Əslində, Bakının beynəlxalq tədbirlər mərkəzinə
çevrilməsi təsadüfi proses deyil. Son onillikdə Azərbaycan bir sıra mühüm
qlobal platformalara uğurla ev sahibliyi edib. Humanitar forumlar, beynəlxalq
idman yarışları, enerji və nəqliyyat sammitləri, Qoşulmama Hərəkatı çərçivəsində
keçirilən tədbirlər, eləcə də COP29 kimi qlobal əhəmiyyətli platformalar ölkəmizin
təşkilati imkanlarını və siyasi etibarlılığını ortaya qoyub.
Bu gün Bakı Şərqlə Qərbi, Şimalla Cənubu
birləşdirən mühüm geosiyasi mərkəz kimi qəbul olunur. Azərbaycanın balanslı və
praqmatik xarici siyasəti ölkəmizə müxtəlif siyasi düşərgələr arasında etibarlı
tərəfdaş imici qazandırıb. Məhz buna görə beynəlxalq təşkilatlar və qlobal
institutlar mühüm tədbirlərin keçirilməsi üçün Bakını etibarlı platforma hesab
edirlər.
WUF13 forumunun Azərbaycanda keçirilməsi
həm də urbanizasiya və dayanıqlı inkişaf sahəsində ölkəmizin əldə etdiyi
nailiyyətlərin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Son illər Bakıda
və digər şəhərlərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, nəqliyyat
sisteminin modernləşdirilməsi, yaşıl məkanların artırılması və ekoloji həllərin
tətbiqi beynəlxalq diqqət doğurur. İşğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri isə Azərbaycanın
urbanistika sahəsində yeni yanaşmalar ortaya qoyduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev forumdakı
çıxışında Ermənistan işğalı nəticəsində Azərbaycan şəhərlərinin dağıdıldığını
beynəlxalq auditoriyanın diqqətinə çatdırdı və hazırda aparılan yenidənqurma
işləri barədə ətraflı məlumat verdi. Bu, yalnız ölkənin mövqeyinin təqdim
olunması deyil, həm də postmünaqişə bərpası sahəsində Azərbaycanın yaratdığı
modelin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi idi. Azərbaycanın
dağıntılardan inkişaf platforması yaratması bir çox dövlətlər üçün praktik
nümunə kimi qiymətləndirilir.
Bakı artıq təkcə siyasi və diplomatik tədbirlərin
keçirildiyi məkan deyil. Şəhər beynəlxalq ideyaların, inkişaf konsepsiyalarının
və qlobal əməkdaşlıq təşəbbüslərinin müzakirə olunduğu platformaya çevrilir.
Müasir infrastruktur, təhlükəsizlik, logistika imkanları və yüksək təşkilatçılıq
səviyyəsi Azərbaycanın bu sahədə üstünlüklərini daha da artırır.
Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində
enerji siyasəti ilə yanaşı nəqliyyat və logistika layihələri də mühüm rol
oynayır. Orta Dəhlizin artan əhəmiyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı və regional kommunikasiya layihələri ölkəmizi
Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevirib. Bu amil də Bakının beynəlxalq
tədbirlər üçün cəlbedici məkan kimi mövqeyini gücləndirir.
Diqqət çəkən əsas məqamlardan biri isə
Azərbaycanın beynəlxalq tədbirlərə yalnız texniki təşkilatçı kimi
yanaşmamasıdır. Ölkəmiz bu platformalarda qlobal problemlərin müzakirəsinə real
töhfələr verir. İqlim dəyişiklikləri, dayanıqlı inkişaf, urbanizasiya, enerji təhlükəsizliyi
və multikulturalizm kimi məsələlərdə Azərbaycanın ortaya qoyduğu təşəbbüslər
beynəlxalq səviyyədə müsbət qarşılanır.
Bakının beynəlxalq dialoq mərkəzinə
çevrilməsində şəhərin simasının dəyişməsi də mühüm rol oynayır. Son illər
paytaxtda həyata keçirilən abadlıq və yenidənqurma layihələri şəhərin müasir
memarlıq görünüşünü formalaşdırıb. Eyni zamanda tarixi irsin qorunması istiqamətində
həyata keçirilən tədbirlər Bakının qədimliklə müasirliyin harmoniyasını qoruyan
nadir şəhərlərdən biri kimi tanınmasına səbəb olub.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və dialoq platforması kimi qəbul
edilir. WUF13 forumunun Bakıda keçirilməsi də bu reallığın növbəti təsdiqidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan
artıq qlobal proseslərin passiv iştirakçısı deyil, beynəlxalq gündəliyin
formalaşmasına təsir göstərən ölkələrdən birinə çevrilib.
Bakının qlobal şəhərsalma dialoqunun
aparıcı platformalarından biri kimi çıxış etməsi isə Azərbaycanın yalnız
regionda deyil, beynəlxalq miqyasda artan siyasi nüfuzunun və strateji əhəmiyyətinin
aydın göstəricisidir.
Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala Rayon Statistika İdarəsinin
rəisi
Digər xəbərlər



