Meyvə-tərəvəz istehsalında əldə olunan uğurlar aqrar sektorun ixrac potensialını gücləndirir.

2026-06-02 Baxış: 38
img

Kənd təsərrüfatının şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Xüsusilə qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sahədə son illərdə əldə olunan nailiyyətlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ixrac potensialının genişlənməsinə də mühüm töhfə verir. Bu baxımdan meyvə-tərəvəzçilik və bostançılıq sahələri Azərbaycan kənd təsərrüfatının ən uğurlu istiqamətlərindən biri kimi diqqət çəkir.

Ölkəmizin əlverişli iqlim şəraiti, münbit torpaq ehtiyatları, zəngin kənd təsərrüfatı ənənələri və dövlət dəstəyi mexanizmləri meyvə-tərəvəz istehsalının inkişafı üçün geniş imkanlar yaradıb. Son illərdə müasir aqrotexniki üsulların tətbiqi, yeni intensiv bağların salınması, suvarma sistemlərinin təkmilləşdirilməsi və fermerlərin dəstəklənməsi nəticəsində bu sahədə məhsuldarlıq və istehsal həcmləri əhəmiyyətli dərəcədə artıb.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu sahədə əldə olunan uğurların miqyasını aydın şəkildə ortaya qoyur. Dövlət başçısı qeyd edib ki, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə sahəsində vəziyyət müsbətdir. Bu qiymətləndirmə Azərbaycanın aqrar sektorunda həyata keçirilən islahatların real nəticələrini əks etdirir və ölkənin kənd təsərrüfatında formalaşmış güclü potensialın göstəricisidir.

Meyvə-tərəvəz məhsulları həm daxili bazarın təmin olunmasında, həm də ixrac gəlirlərinin artırılmasında mühüm rol oynayır. Azərbaycan istehsal etdiyi bir sıra meyvə və tərəvəz məhsulları ilə regional bazarlarda rəqabət üstünlüyünə malikdir. Keyfiyyət göstəricilərinə görə seçilən yerli məhsullar xarici bazarlarda da yüksək tələbatla qarşılanır. Bu isə aqrar sektorun ixracyönümlü inkişafına və qeyri-neft gəlirlərinin artmasına əlverişli şərait yaradır.

Son illərdə kənd təsərrüfatının ixrac strukturunda meyvə-tərəvəz məhsullarının xüsusi çəkisinin artması təsadüfi deyil. Dövlət tərəfindən logistika imkanlarının genişləndirilməsi, soyuducu anbar komplekslərinin yaradılması, ixrac prosedurlarının sadələşdirilməsi və fermerlərə göstərilən dəstək tədbirləri məhsulların xarici bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun nəticəsində Azərbaycan mənşəli məhsulların beynəlxalq bazarlardakı mövqeləri daha da möhkəmlənib.

Meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı regionların sosial-iqtisadi tərəqqisinə də mühüm təsir göstərir. Bu sahələr əmək tutumlu istiqamətlər olduğundan minlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Yeni bağların salınması, emal müəssisələrinin yaradılması və logistika infrastrukturunun genişləndirilməsi regionlarda iqtisadi fəallığın artmasına, əhalinin gəlirlərinin yüksəlməsinə və kənd yerlərində həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir.

Qlobal ərzaq bazarlarında rəqabətin artdığı müasir dövrdə yüksək keyfiyyətli və ixracyönümlü məhsul istehsalı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət də məhz bu məqsədlərə xidmət edir. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və istehsal zəncirinin təkmilləşdirilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Bu gün meyvə-tərəvəz istehsalında əldə olunan uğurlar Azərbaycanın aqrar sektorunun dinamik inkişafının göstəricisidir. Həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu sahə təkcə daxili bazarın təminatına deyil, həm də ölkənin ixrac potensialının gücləndirilməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Qarşıdakı dövrdə də mövcud potensialdan səmərəli istifadə olunması Azərbaycanın beynəlxalq ərzaq bazarlarındakı mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

 

Zakir Əliyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala Peşə Məktəbi PHŞ-nin əməkdaşı