Heyvandarlıq sahəsində müəyyənləşdirilən yeni hədəflər daxili tələbatın tam təminatına xidmət edir.

Kənd təsərrüfatının mühüm istiqamətlərindən
biri olan heyvandarlıq ölkələrin ərzaq təhlükəsizliyi sistemində xüsusi yer
tutur. Əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin
olunmasında, kənd yerlərində məşğulluğun artırılmasında və aqrar iqtisadiyyatın
inkişafında bu sahənin rolu böyükdür. Buna görə də dünyanın bir çox ölkələrində
olduğu kimi, Azərbaycanda da heyvandarlığın inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Son illərdə ölkəmizdə heyvandarlıq
sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, müasir təsərrüfatların
yaradılması təşviq olunub, damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının
möhkəmləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində mühüm addımlar
atılıb. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və kənd təsərrüfatına
yönəldilən investisiyalar bu sahədə yeni inkişaf mərhələsinin formalaşmasına
imkan yaradıb.
Prezident İlham Əliyevin kənd təsərrüfatı
məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər heyvandarlıq
sektorunun gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Dövlət başçısı
qeyd edib ki, Azərbaycan hazırda özünü mal əti ilə 84 faiz təmin edir, təxminən
150 min ton daxili istehsal mövcuddur və 30 min ton məhsul idxal edilir. Bu
göstəricilər ölkənin heyvandarlıq sahəsində mühüm nəticələr əldə etdiyini
nümayiş etdirsə də, eyni zamanda qarşıda duran vəzifələri də aydın şəkildə
ortaya qoyur.
Müasir dövrdə ərzaq təhlükəsizliyi
yalnız məhsul istehsalının həcmi ilə deyil, həm də daxili tələbatın dayanıqlı şəkildə
yerli istehsal hesabına qarşılanması ilə ölçülür. Bu baxımdan mal əti
istehsalında özünütəminat səviyyəsinin daha da yüksəldilməsi Azərbaycanın aqrar
siyasətinin mühüm istiqamətlərindən biridir. Daxili istehsalın artırılması ölkənin
xarici bazarlardan asılılığını azaltmaqla yanaşı, qiymət sabitliyinin qorunmasına
və ərzaq təminatının möhkəmlənməsinə də xidmət edir.
Heyvandarlığın inkişafı ilk növbədə yem
bazasının gücləndirilməsi ilə sıx bağlıdır. Son illərdə yem bitkilərinin əkin
sahələrinin genişləndirilməsi, yeni suvarma imkanlarının yaradılması və müasir aqrotexniki
yanaşmaların tətbiqi bu istiqamətdə mühüm nəticələr əldə olunmasına şərait
yaradıb. Eyni zamanda damazlıq heyvandarlığın inkişafı, məhsuldar cinslərin
artırılması və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi də istehsal göstəricilərinin
yüksəlməsinə müsbət təsir göstərir.
Bu sahənin inkişafı yalnız ərzaq təminatı
baxımından deyil, regionların sosial-iqtisadi inkişafı nöqteyi-nəzərindən də
böyük əhəmiyyət daşıyır. Heyvandarlıq minlərlə kənd sakininin əsas məşğulluq mənbələrindən
biridir. Yeni təsərrüfatların yaradılması, istehsalın genişləndirilməsi və məhsuldarlığın
artırılması kənd yerlərində gəlirlərin yüksəlməsinə, əhalinin rifahının
yaxşılaşmasına və iqtisadi fəallığın artmasına imkan verir.
Prezident İlham Əliyevin müşavirədə
vurğuladığı məsələlər göstərir ki, qarşıdakı dövrdə heyvandarlıq sektorunda əsas
məqsəd mövcud nailiyyətləri daha da inkişaf etdirmək, daxili istehsalın həcmini
artırmaq və mal əti üzrə özünütəminat səviyyəsini yüksəltməkdir. Bu istiqamətdə
həyata keçiriləcək tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə
və aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Bu gün Azərbaycanın heyvandarlıq sahəsində
qazandığı nəticələr həyata keçirilən məqsədyönlü dövlət siyasətinin uğurlarını əks
etdirir. Qarşıya qoyulan yeni hədəflər isə daxili tələbatın yerli istehsal
hesabına tam təmin olunmasına, idxaldan asılılığın minimuma endirilməsinə və
ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edir. Bu məqsədlərə
nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar
inkişaf strategiyasının mühüm nəticələrindən biri olacaq.
Aqşin Hüseynli,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala rayon Uşaq-Gənclər
İdman-Şahmat məktəbinin direktoru
Digər xəbərlər



