Torpaq ehtiyatlarından səmərəli istifadə kənd təsərrüfatında məhsuldarlığın əsas şərtidir.

Torpaq hər bir ölkənin ən mühüm strateji
sərvətlərindən biridir. Xüsusilə kənd təsərrüfatının inkişafında torpaq
resurslarının qorunması, düzgün idarə olunması və səmərəli istifadəsi ərzaq təhlükəsizliyinin
təmin edilməsində həlledici rol oynayır. Müasir dövrdə əhalinin artması, iqlim
dəyişikliklərinin təsirləri və kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsi
mövcud torpaq ehtiyatlarından daha rasional istifadə olunmasını zəruri edir.
Azərbaycanın aqrar inkişaf
strategiyasında da torpaq məsələsi xüsusi yer tutur. Son illərdə kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları, meliorasiya və
irriqasiya layihələri, torpaq fondunun səmərəli idarə olunmasına yönəlmiş tədbirlər
bu sahədə mühüm nəticələrin əldə edilməsinə imkan yaradıb. Məqsəd yalnız əkin
sahələrinin genişləndirilməsi deyil, eyni zamanda hər qarış torpaqdan maksimum
səmərə ilə istifadə edilməsidir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı
məsələlərinə həsr olunmuş müşavirədə toxunduğu əsas məsələlərdən biri də məhz
torpaqlardan səmərəli istifadə ilə bağlı olub. Dövlət başçısı qeyd edib ki,
torpaq fondundan düzgün istifadə edilməli, əkinəyararlı torpaqların təyinatı
üzrə istifadəsi təmin olunmalı və mövcud potensialdan maksimum
faydalanılmalıdır. Bu yanaşma aqrar sahədə qarşıya qoyulan yeni hədəflərin əsas
istiqamətlərindən birini təşkil edir.
Torpaq ehtiyatlarından səmərəli istifadə
ilk növbədə məhsuldarlığın artırılması deməkdir. Müasir aqrotexniki üsulların tətbiqi,
düzgün əkin dövriyyəsinin təşkili, torpaqların münbitliyinin qorunması və su təminatının
yaxşılaşdırılması kənd təsərrüfatında yüksək nəticələrin əldə olunmasının əsas
şərtləridir. Bu istiqamətdə aparılan işlər torpaq resurslarının uzunmüddətli
dövrdə də kənd təsərrüfatının inkişafına xidmət etməsini təmin edir.
Müşavirədə səsləndirilən fikirlər bir
daha göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri istifadəsiz
qalan torpaqların dövriyyəyə cəlb olunması və əkinəyararlı sahələrin məhsuldarlığının
artırılmasıdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa və quruculuq işləri kənd təsərrüfatının inkişafı üçün yeni
imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzurun zəngin torpaq ehtiyatları gələcəkdə
ölkənin aqrar potensialının daha da güclənməsinə mühüm töhfə verəcək.
Torpaqlardan səmərəli istifadə eyni
zamanda su ehtiyatlarının düzgün idarə olunması ilə sıx bağlıdır. İqlim dəyişikliklərinin
təsirlərinin daha çox hiss olunduğu bir dövrdə suvarma sistemlərinin təkmilləşdirilməsi,
müasir texnologiyaların tətbiqi və su itkilərinin minimuma endirilməsi xüsusi əhəmiyyət
daşıyır. Son illərdə bu istiqamətdə həyata keçirilən layihələr kənd təsərrüfatında
dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Torpaq ehtiyatlarının qorunması və səmərəli
idarə olunması yalnız aqrar sahənin deyil, bütövlükdə ölkənin iqtisadi inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir. Bu siyasət kənd təsərrüfatı məhsullarının
istehsalının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, regionlarda məşğulluğun
genişlənməsinə və əhalinin rifahının yüksəlməsinə şərait yaradır.
Prezident İlham Əliyevin müəyyən etdiyi
inkişaf prioritetləri torpaq resurslarının daha səmərəli istifadəsini, məhsuldarlığın
artırılmasını və aqrar sahədə müasir idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə
tutur. Həyata keçirilən tədbirlər göstərir ki, torpaq ehtiyatlarının düzgün
idarə olunması Azərbaycanın kənd təsərrüfatında davamlı inkişafın təmin edilməsində
və ərzaq təhlükəsizliyinin gücləndirilməsində əsas amillərdən biri olaraq
qalacaq.
Torpaq xalqın ən qiymətli sərvətlərindən
biridir. Bu sərvətdən səmərəli istifadə isə yalnız bugünkü tələbatın ödənilməsinə
deyil, həm də gələcək nəsillər üçün etibarlı ərzaq təminatının formalaşdırılmasına
xidmət edir. Məhz buna görə də torpaq ehtiyatlarından rasional istifadə Azərbaycanın
aqrar inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi öz aktuallığını
qoruyur.
Əziz Əzizli,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Neftçala DAİM-in əməkdaşı
Digər xəbərlər



