Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib.

2026-09-14 Baxış: 5
img
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, ərazi partiya təşkilatlarının nümayəndələri, partiya veteranları və fəallar iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfrans açıq elan edildikdən sonra gündəlik təsdiq olunub. Gündəliyə YAP-ın VII Qurultayından sonra rayon təşkilatının fəaliyyəti barədə hesabatın dinlənilməsi və partiyanın VIII Qurultayına nümayəndələrin seçilməsi məsələləri daxil edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, 2021-ci il martın 5-dən 2026-cı il sentyabrın 1-dək rayon təşkilatı fəaliyyətini YAP-ın Nizamnamə və Proqramına, VII Qurultayın qərarlarına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurub. Təşkilati işin təkmilləşdirilməsi, partiya sıralarının sağlam əsaslarla genişləndirilməsi, ideoloji-siyasi maarifləndirmə, şəhid ailələri və qazilərlə iş, veteranlara diqqət, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması əsas istiqamətlər olub.
Ülvi Fərzəliyev bildirib ki, hesabat dövründə partiya sıralarına 1063 yeni üzv qəbul edilib və hazırda rayon təşkilatı üzvlərinin sayı 5405 nəfərdir. Rayon təşkilatının sədri 45 ərazi partiya təşkilatında üzv uçotunun dəqiqləşdirilməsinin, yerli strukturların fəaliyyətinin çevikləşdirilməsinin və üzvlərlə birbaşa əlaqələrin gücləndirilməsinin daim diqqətdə saxlanıldığını qeyd edib. O, prezident, parlament və bələdiyyə seçkilərində təşkilat fəallarının üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərini diqqətə çatdırıb.
Məruzəçi hesabat dövründə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliğinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasına, əlamətdar və tarixi günlərin qeyd olunmasına xüsusi diqqət ayrıldığını bildirib. Ülvi Fərzəliyev “Heydər Əliyev Məktəbi”, “Müzakirə Saatı”, “Suverenliyimiz əbədidir!” və “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı” kimi layihələrin təşkilatın fəaliyyətinə yeni məzmun gətirdiyini vurğulayıb. O, şəhid ailələri, qazilər və partiya veteranları ilə davamlı əlaqələrin saxlanıldığını, onların müraciət və qayğılarının həllinə dəstək göstərildiyini qeyd edib.
Hesabat məruzəsi ətrafında çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının VII Qurultaydan sonra keçdiyi inkişaf yolundan danışıb. O, rayon təşkilatının müxtəlif dövrlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini və partiyanın ideyalarının təbliğinə mühüm töhfələr verdiyini bildirib. Mirhəsən Seyidov təşkilatın bundan sonra da Prezident, YAP Sədri İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə uyğun fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaranıb və böyük inkişaf yolu keçib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, Vətən müharibəsində əldə edilmiş Zəfərin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının xalq-iqtidar birliyinin nəticəsi olduğunu vurğulayıb. Deputat yerli təşkilatların partiyanın cəmiyyətlə birbaşa əlaqəsində mühüm rol oynadığını qeyd edib.
Partiya veteranı Valeh Tağıyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli inkişaf yolundan danışaraq veteranların partiyanın ənənələrinin qorunmasında və gənc nəslə çatdırılmasında mühüm rol oynadıqlarını bildirib. “Neftçala şəhər-1” ərazi partiya təşkilatının sədri Vasif Əliyev ərazi partiya təşkilatlarının üzvlərlə birbaşa əlaqələrin möhkəmləndirilməsindəki rolundan, yerlərdə görülən təşkilati işlərdən və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib. “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru, partiya fəalı Bədirə Niftalıyeva isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən, xalq-iqtidar birliyindən və partiya üzvlərinin dövlətçilik maraqları ətrafında nümayiş etdirdikləri həmrəylikdən danışıb.
YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov çıxışında Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra həyata keçirilən təşkilati yenilənmələrdən və partiyanın qarşısında duran əsas vəzifələrdən danışıb. O, YAP Neftçala rayon təşkilatının Mərkəzi Aparatın tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin icrasında fəallıq göstərdiyini, hesabat dövründə təşkilati, ideoloji və ictimai istiqamətlər üzrə məqsədyönlü fəaliyyət həyata keçirdiyini bildirib. Əli Axundov rayon təşkilatının görülmüş işlərini və ümumi fəaliyyətini yüksək qiymətləndirib.
Müzakirələrdən sonra YAP Neftçala rayon təşkilatının hesabat dövründəki fəaliyyəti səsə qoyularaq qənaətbəxş hesab edilib. Daha sonra YAP-ın VIII Qurultayında rayon təşkilatını təmsil edəcək nümayəndələr seçilib.
Konfransda qarşıda duran vəzifələr müəyyənləşdirilib, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.