Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlar başa çatıb

2019-06-13 Baxış: 695
img

13.06.2019

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.