Əsirlikdə olan Elvin İbrahimov Azərbaycana qaytarılıb.

2019-06-28 Baxış: 983
img

28.06.2019

Ermənistanda saxlanılan azərbaycanlı Elvin İbrahimov Azərbaycana qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından MAYAKİNFO-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər. 

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də Azərbaycan və Ermənistan vətəndaşlarının qaytarılması ilə bağlı məlumat yayıb.

BQXK-dan MAYAKİNFO-ya verilən məlumatda qeyd olunur ki, təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub. Azərbaycan vətəndaşı 16 mart 2019-cu il tarixində beynəlxalq sərhəddən Ermənistana, Ermənistan vətəndaşı isə 20 iyun 2017-ci il tarixində beynəlxalq sərhəddən Azərbaycana keçib.

BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.

BQXK, saxlandığı dövr ərzində və eləcə də öz ölkələrinə təhvilvermədən əvvəl həmin şəxslərə mütəmadi olaraq baş çəkərək onların saxlanma şəraitini və onlarla necə davranıldığını qiymətləndirib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda humanitar fəaliyyət göstərir.