Prezident İlham Əliyev: "Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, bizim böyük sərvətimizdir"

2020-03-05 Baxış: 2934
img

Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə bizim gözümüzün qabağında baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi, bir çox amillər var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır.

MAYAKİNFO xəbər verir ki, bunu Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən bildirib.

Dövlət başçısı deyib ki, belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, ölkəmizin böyük sərvətidir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib: "Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt - 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat - bütün bunlar Azərbaycan reallıqlarıdır".